AFFA Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovun futbolinfo.az saytına müsahibəsi
- Ölkə çempionatında qış fasiləsi başa çatdı. 19-cu turda sizin üçün ən gözlənilməz hesab hansı oyunda qeydə alındı?
- Mənim üçün ən yaddaqalan oyun “Kəpəz” – “Turan Tovuz” matçı oldu. Bu görüşdə gözlənilməz nəticə qeydə alındı. “Kəpəz” sonuncu yerlərdə qərarlaşmasına baxmayaraq, rəqib qapısından 5 top keçirdi və qələbə qazandı. Bu qalibiyyət Gəncə klubu üçün çox vacib idi. Həqiqətən də, layiqli qələbə çaldılar. Açığı, derbidə “Kəpəz”dən bu cür yaxşı oyun gözləmirdim. Çox gözəl oyun göstərdilər. İkinci hissədə daha yaxşı təsir bağışladılar. Həm sürətli idilər, həm də əks-hücumlarda inamlı çıxış etdilər. “Kəpəz”i layiqli qələbə münasibətilə təbrik edirəm. Növbəti turlarda da belə oyun göstərsələr, autsayderlər qrupundan uzaqlaşa bilərlər. “Kəpəz” Gəncənin komandasıdır, mən çox istərdim ki, orada futbol inkişaf etsin. Bilirik ki, Gəncədən həmişə yaxşı futbolçular, milli üzvləri çıxıb. Gəncə futbol şəhəridir. İnanıram ki, “Kəpəz” yüksək dəstədə qalmağa layiq olduğunu qarşıdakı turlarda da öz oyunu ilə sübut edəcək.
- “Şamaxı”nın “Qarabağ”a çətinlik yaşadacağını gözləyirdiniz?
- Hər iki komanda yaxşı oyun göstərdi. Deyərdim ki, “Şamaxı” son matçlarda inamlı təsir bağışlayır. Bilirsiniz ki, qış fasiləsindən öncə bu komandaların 3-cü turdan təxirə salınmış oyunu da “Qarabağ” üçün çətin keçmişdi. Həmin görüşdə Ağdam klubu 1:0 hesabı ilə qalib gəlmişdi. “Şamaxı” bu dəfə də güclü rəqibi ilə matçda özünü yaxşı tərəfdən göstərə bildi. Komanda həm müdafiədə, həm də əks-hücumlar zamanı yaxşı təsir bağışladı. “Şamaxı”ya yeni futbolçular gəlib. Növbəti turlarda da bu komandadan yaxşı oyun gözləyirəm.
- “Neftçi”-“Sabah” matçı çempionatda maraqla gözlənilən matçlar sırasında idi. Hansı komandanın oyununu daha çox bəyəndiniz?
- Hər iki komanda qol buraxmamağa çalışırdı. Həm “Neftçi”nin, həm də “Sabah”ın məqsədi qələbə qazanmaq idi. Belə matçların taleyini çox vaxt 1 qol həll edir. “Neftçi” və “Sabah”ın ifasında ehtiyatlı oyuna şahidlik etdik. Birinci hissə bərabər səviyyədə keçdi. İkinci hissədə isə “Neftçi” daha çox xoşuma gəldi. Fasilədən sonra aqressiv oynadılar, qol vurmaq üçün irəli atıldılar. Ümumilikdə isə bu gün bu komandaların hər ikisi istədiyi oyunu tam göstər bilmir. “Neftçi” hələ zəif oynayır. Baş məşqçi Samir Abasov optimal heyəti qurmaqda çətinlik çəkir. Hələ lazımi transferlərin hamısı edilməyib. Qış fasiləsində 1-2 transfer ediblər ki, bu da hazırkı “Neftçi” üçün azdır. “Neftçi”ni qabaqda çətin oyunlar gözləyir. Təbii ki, komanda bu mövsüm mükafatçılar sırasına düşmək gücündə deyil. Amma “Neftçi”nin yaxşı oynamasını, yaxşı nəticələr qazanmasını arzu edirəm. Görünən odur ki, Samir Abasov çox çətinlik çəkir. “Sabah”a gəlincə, onlar da bundan yaxşı oynamalıdırlar. Yaxşı heyətləri, yetərincə ehtiyat oyunçuları var. “Sabah” 3-cü yer uğrunda mübarizə apara bilər.
- “Kəpəz” kimi, digər autsayder “Səbail” də bu turu qələbə ilə başa çatdırdı. Sizcə, onlardan hansının Premyer Liqada qalmaq şansı daha çoxdur?
- “Səbail”də baş məşqçi dəyişikliyindən sonra heyətdə böyük dəyişikliklər olmadı. Sonuncu turda “Sumqayıt”ı onun meydanında üstələməyi bacardılar. Halbuki “Sumqayıt” Vaqif Cavadovun gəlişindən sonra irəliləyişdə idi. Ancaq bu qarşılaşmada “Səbail” onlardan üstün oynadı. “Səbail”in qarşıdakı turlarda da öz azarkeşlərini sevindirməsini istərdik. O ki qaldı kimin Premyer Liqada qalacağına, deməzdim ki, hansısa komanda digərindən güclüdür. Qarşıdakı turlarda buna aydınlıq gələcək. İndi bu barədə konkret söz demək çətindir.
- “Zirə”nin “Araz-Naxçıvan”a 1:0 hesabı ilə qalib gəldiyi matç haqda nə deyə bilərsiniz?
- Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. “Zirə” qələbə sayəsində 3-cü pilləyə qalxdı. Rəşad Sadıqovun komandası avrokuboklara vəsiqə qazanmaq istəyir və bunun üçün onlarda hər bir imkan var. “Araz-Naxçıvan”a gəlincə, çempionata çox yaxşı başlamışdılar, ancaq son matçlarında turnir cədvəlindəki ən yaxın rəqiblərinə uduzdular. Son məğlubiyyətlər göstərdi ki, “Araz-Naxçıvan” üçün öz yerini saxlamaq çətin olacaq. Amma qış fasiləsinədək az xal toplamayıblar. Dediyim kimi, mövsümə yaxşı başlamışdılar. İstərdim ki, mövsümün sonunadək yaxşı çıxış etsinlər.
- “Qarabağ” bu gün Avropa Liqasında Rumıniyanın FCSB klubunu qəbul edəcək. Sizcə, təmsilçimiz bu görüşdən qələbə ilə ayrıla biləcək?
- Bu görüşü hamımız səbirsizliklə gözləyirik. İnanırıq ki, Rumıniya komandasının güclü olmasına baxmayaraq, “Qarabağ” yaxşı oyun göstərəcək. “Qarabağ” Avropa komandalarından geri qalmadığını öz oyunu ilə sübut edib. Təmsilçimizə uğurlar arzulayıram.
FƏRİD