Avropa Liqasının Liqa mərhələsinin 7-ci turundan növbəti mərhələdə iştirak hüququ əldə edən daha 8 klub müəyyənləşib. Ən azı pley-offda iştirakı rəsmiləşən “Latsio”, “Atletik”, “Anderlext”, “Olimpik Lion”, “Ayntraxt”, “Qalatasaray” və “Mançester Yunayted”ə dünən Bakıda “Qarabağ”ı məğlub edən FCSB-nin, eyni zamanda “AZ Alkmaar”, “Bodo-Qlimt”, “Viktoriya”, “Olimpiakos”, “Reyncers”, “Tottenhem” və “Union”un qoşulcağı dəqiqləşib. “Latsio” hətta birbaşa 1/8 finala vəsiqəni təmin edib.
Beləliklə, son turda 9 yer uğrunda 14 klub mübarizə aparacaq. Bunlar “Ayaks”, PAOK , “Real Sosyedad”, “Midtülland”, “Elfsborq”, “Roma”, “Ferentsvaroş”, “Fənərbaxça”, “Beşiktaş”, “Portu”, “Tvente”, “Braqa”, “Hoffenhaym” və “Makkabi”dir (Tel-Əviv).
RFŞ, “Slaviya”, “Malmö”, “Ludoqorets”, “Qarabağ”, “Nitsa” və “Dinamo”nun (Kiyev) isə Avroliqa ilə vidalaşacağı dəqiqdir.
Avropa Liqasında son turun matçları yanvarın 30-da keçiriləcək. Yanvarın 31-də isə pley-off mərhələsinin püşkü atılacaq.