“Qarabağ”ın qapıçısı Fabiyan Buntiç Avropa Liqasının qrup mərhələsində FKSB-yə qarşı keçirilən oyundan (2:3) sonra futbolinfo.az saytına danışıb.

O, məğlubiyyətə baxmayaraq, komandasının oyunu ilə fəxr etdiyini bildirib: “Oyuna yaxşı başlamışdıq. Erkən qol vurduq və qələbəyə layiq idik, amma bəxtsizlik bizdən əl çəkmədi. Rəqiblə fərqli oyun üslubumuz var idi. Topa daha çox nəzarət edən tərəf biz idik. İki dəfə hesabda öndə olmağımıza baxmayaraq, təəssüf ki, məğlub olduq. Qələbə qazanmağa biz daha çox layiq idik”.

27 yaşlı qolkiper buraxılan qollarla bağlı fikirlərini də bölüşüb: “Buraxılan hər üç qolda səhvlərimiz oldu. Qapıçı əgər topa çıxırsa, onu tutmalıdır. Əgər tuta bilmirsə, bu, onun səhvidir. Hər üç qol da küncdən zərbədən sonra buraxıldı. Rumıniyalılar bu məsələdə həqiqətən çox güclüdürlər”.

Buntiç Juninyo və Benzainın yoxluğunun oyuna təsiri haqda fikirlərini bölüşüb: “Sözsüz ki, belə futbolçuların adlarını çəkəndə onların oynamasını istəyirsən. Amma biz göstərdik ki, onlarsız da yaxşı oynaya bilərik. Xüsusilə ikinci hissədə topa daha çox nəzarət etdik. Təəssüf ki, kiçik səhvlər məğlubiyyətə səbəb oldu”.

Ağdam təmsilçisinin qapıçısı komandasının növbəti matçını da dəyərləndirib: “Artıq sonuncu oyunumuz qalıb. Səfərdə “Olimpiakos”la qarşılaşacağıq. Bu, bizim üçün vacib matçdır. Mövsümün Avropa Liqasındakı sonuncu qarşılaşmasıdır. Yaxşı oyun göstərərək qələbə qazanmaq istəyirik”.

GÜNAY SÜLEYMANOVA

Shares: