“Şəmkir”ə keçidimdə baş məşqçi Vüqar Nadirovun dəvəti mühüm rol oynadı. Nadirovla çoxdan tanışıq. Biz bura bir-birimizə və ən əsası, Şəmkir futboluna kömək etməyə gəlmişik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Orxan Sadıqlı deyib.
“Xəzər Lənkəran” yetirməsi olan qapıçı II Liqa klubu ilə bir illik müqavilə bağlayıb və kapitan olacaq. O, Premyer Liqa təcrübəsinin komanda üçün faydalı olacağına inanır: “Şəmkirdə istər rəhbərlik, istərsə də azarkeşlər tərəfindən sevgi ilə qarşılandım və bunu hiss etmək mənə çox xoş oldu. Hər şey qaydasındadır. Həm meydanda, həm də meydandan kənarda təcrübəm və oyunumla komanda yoldaşlarıma kömək etmək istəyirəm. Eyni zamanda, buraya boş yerə gəlmədiyimizi sübut etmək istəyirəm. Karyeram ərzində Premyer Liqada bir neçə komandada oynamışam. İndi isə üzərimdə məsuliyyət daha çoxdur, çünki sıfırdan qurulmuş komandaya gəlmişəm və bu klubun kapitanıyam. Ümid edirəm ki, mənə göstərilən etimadın qarşılığını oyunumla, məşqlərimlə və həmçinin nizam-intizamımla verə bilərəm. Komandaya hər mənada yardım etmək istəyirəm”.
31 yaşlı qolkiper “Şəmkir”in hazırkı şəraitindən də razılıqla danışıb: “Tam səmimi deyim ki, bizim komandanın şəraiti I Liqada oynayan komandaların 60-70 faizindən yaxşıdır. Bircə qalıb yaxşı hazırlaşıb, məşq edib, çempionatın ikinci yarısında “Şəmkir”i əvvəlki günlərinə, yüksək liqalara qaytaraq. İnşallah, məqsədimizə çatacağıq. Allah çıxdığımız bu yolda bizi utandırmasın”.
Adı bir müddət “Xankəndi” ilə hallanan Orxan bu keçidin baş tutmadığını da açıqlayıb: “Xankəndi”yə keçidim gündəmdə idi, amma keçid alınmadı. “Xankəndi” həvəskar liqada olsa da, peşəkar şəkildə formalaşıb. Onlara da uğurlar arzulayıram”.
Qeyd edək ki, Orxan Sadıqlı “Xəzər-Lənkəran”ın yetirməsidir. O, “İnter”, “Keşlə”, “Zirə”, “Sumqayıt” və “Kəpəz” klublarının formasını geyinib, eyni zamanda, Azərbaycanın U-21 millisinin üzvü olub.
GÜNAY SÜLEYMANOVA