UEFA Avropa Liqasının Liqa mərhələsinin son turu çərçivəsində keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu ilə bağlı Avropa mətbuatında geniş araşdırma aparılıb.
Futbolinfo.az xəbər verir ki, qarşılaşma öncəsi Yunanıstan klubu favorit göstərilib.
Doğrudur, bu komandalar arasında 2022-ci ildə keçirilən hər iki matçda “Qarabağ”ın uduzmaması xüsusi vurğulanıb. Lakin komandaların hazırkı durumunun daha vacib olduğu qeyd olunub: “Olimpiakos” oktyabrdan bəri məğlub olmur. Üstəlik, son tur Yunanıstan klubu üçün daha əhəmiyyətlidir. Çünki qalibiyyət təqdirində komandanın ilk “8-liy”ə düşərək, 1/8 final mərhələsinə vəsiqə qazanmaq şansı olacaq. “Qarabağ”ın isə heç bir iddiası qalmayıb”.
Xose Luis Mendilibarın yetirmələrinin görüşdən 2:0 hesablı qalibiyyətlə ayrılacağı təxmin edilib.
Qeyd edək ki, sabah Pireydə keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda “Olimpiakos” 12 xalla 12-ci, “Qarabağ” isə 3 xalla 34-cü pillədə qərarlaşır.