“Mövsüm ərzində qapısında top görməyən “Qəbələ”yə ilk qolu vurmaq özəl hissdir. Onlara qol vurmaq bizim üçün əlavə motivasiya idi. Şəxsən mənim üçün bu qol çox vacib idi, çünki düzgün yolda olduğumu, hədəflərimə çatmaq üçün çalışdığımı göstərir. Amma dəqiqdir ki, bu qolu qələbəyə dəyişərdim. Kaş mən qol vurmazdım, amma komandam qalib gələrdi”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında bu mövsüm “Qəbələ”nin qapısına ilk qolu vuran (1:2) “İmişli”nin futbolçusu Dioqo Vaskes Rollo deyib.

Rollo vurduğu qolu ailəsinə həsr etdiyini də bildirib: “Bu anı unikal hesab edirəm, çünki indiyə qədər gördüyüm fərdi işlərin nəticəsidir. Fürsətdən istifadə edib bu qolu Braziliyada mənə dayanmadan azarkeşlik edən bütün ailəmə həsr edirəm. Futbolda bir çox özəl anlar yaşamışam, amma bu qədər vacib qol vurmaq ilk dəfə baş verir. Buna görə xoşbəxtəm”.

23 yaşlı futbolçu “Qəbələ”nin güclü rəqib olduğunu da qeyd edib: “Qəbələ”yə qarşı oynamaq çox çətindir. Onlar həm müdafiədə, həm də hücumda çox təşkilatlanmış komandadır. Onlara qarşı oynayanda diqqəti ikiqat artırmaq lazımdır. Böyük oyunlar detallarla müəyyən edilir. Rəqib ilk hissədə üstün idi. Amma ikinci hissə bərabər keçdi və qoldan sonra oyuna nəzarət etməyi bacardıq. Buna baxmayaraq, onlar daha az səhv etdilər və oyunu qazandılar. Bunun təkrarlanmaması üçün işləyəcəyik”.

Dioqo Rollo komandasının inkişaf etdiyini və çempionluq uğrunda mübarizə apardıqlarını da vurğulayıb: “Mövsümümüz yaxşı keçir, zəhmətimizi kiçiltmirəm. Fərid müəllimlə işimiz çox yaxşı gedir və ona böyük etimadımız var. “Karvan” üzərində möhtəşəm qələbə qazandıq. İnkişafımız göz qabağındadır və biz çempionatda ən yaxşılar arasında yer almaq üçün mübarizə aparacağıq. “İmişli” ilə hədəflərim buraya gəldiyim andan etibarən aydındır. Çempion olmaq və Premyer Liqaya yüksəlmək istəyirik. Bu möhtəşəm azarkeşlərə bu uğurları bəxş etmək istərdim”.

GÜNAY SÜLEYMANOVA

Shares: