Sabah Misli Premyer Liqasında XXIII tura start veriləcək.

Futbolinfo.az xəbər verir ki, turun matçları üç günü əhatə edəcək.

Üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansı maraqlı statistik göstəriciləri ortaya çıxarıb. Onların bəzilərini təqdim edirik:

* “Zirə” qonağı olacağı “Sumqayıt” önündə böyük üstünlüyə malikdir. Qəsəbə təmsilçisi düz 4 il 4 aydır rəqibinə uduzmur. Komandalar bu müddətdə ölkə çempionatında 17 dəfə qarşılaşıblar. “Sumqayıt” axırıncı dəfə 2020-ci ilin oktyabrında evdə minimalhesablı qalibiyyət (2:1) əldə edib. Digər tərəfdən “kimyaçılar” son 8 ev matçında rəqib qapısına yol tapa bilməyib. Komanda axırıncı dəfə evdə qolu məhz bəhs etdiyimiz matçda vurub. Ümumilikdə “Zirə”nin 20 qalibiyyəti fonunda “Sumqayıt” cəmi 6 dəfə rəqibindən 3 xal almağı bacarıb. Baş tutan 37 qarşılaşmada bakılılar 50, sumqayıtlılar 23 qol sevinci yaşayıblar.

* Avrokuboklara iddia edən “Turan Tovuz”la “Araz-Naxçıvan” 2023-cü ildən elitada üz-üzə gəlirlər. Bu müddətdə ümumilikdə 6 oyun keçirilib. Bu komandaların matçında hələ heç-heçə qeydə alınmayıb. “Araz-Naxçıvan”ın aktivində 2 qələbə varsa, “Turan Tovuz”da bundan ikiqat çoxdur. İlk 4 dueldə rəqibinə uduzan naxçıvanlılar son iki matçda meydanı qalib tərk ediblər. Tovuz təmsilçisi evdə keçirdiyi 3 oyunun hamısında rəqib qapısına yol tapmağa müvəffəq olub.

* Elitada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”lə “Şamaxı” 37-ci duelinə çıxacaq. Qalibiyyət sayında şamaxılılar rəqibi ikiqat qabaqlayır – 18:9. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda daha bir dəfə fərqlənərsə, gəncəlilərlə matçlardakı ümumi qol sayını 60-a çatdıracaq. Nəzərə alaq ki, “Şamaxı” son 5 səfər görüşünün hamısında qol vurmağı bacarıb. Son üç matçda isə qonaq olan komanda uduzmayıb.

* Bu tur “Səbail”in qonağı olacaq “Sabah” son 3 oyunda rəqibini məğlub edə bilib. Ancaq onu da nəzərə alaq ki, çempionatın autsayderi iddialı rəqibinə qarşı keçirdiyi son 4 ev matçının hər birində 2 qol vurub. 26-cı qarşıdurmada “Sabah” 2 dəfə rəqibi mərkəzə dəvət etsə, “Səbail”in qapısından keçirdiyi top sayını 40-a çatdıracaq.

Shares: