“Premyer Liqada komanda sayının artırılması bizim üçün həddindən artıq önəmlidir. Futbol ənənəsi və futbolçu potensialı baxımından “Zaqatala”nın Premyer Liqada təmsil olunması çox məqsədəuyğundur”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında I Liqa təmsilçisi “Zaqatala”nın prezidenti Şaban Şirdanov deyib.

Klub rəhbəri daha çox yerli futbolçulara üstünlük verməklə ölkə futboluna faydalı olmaq istədiklərini qeyd edib: “Hazırda Premyer Liqanın əksər komandalarında zaqatalalı futbolçular oynayır. Biz onları bir araya gətirib, daha çox yerli futbolçulardan ibarət komanda kimi çıxış etməklə Azərbaycan futboluna töhfə vermək niyyətindəyik”.

Şirdanov “Zaqatala”nın elita üçün real şansa sahib olduğunu vurğulayaraq, əsas rəqiblərin “Qəbələ”, “Karvan”, “İmişli” və MOİK olduğunu qeyd edib. Onun sözlərinə görə, yüksək liqaya vəsiqə qazanmaq üçün heyətin gücləndirilməsi, infrastrukturun inkişafı və maliyyə sabitliyinin təmin edilməsi vacib amillərdir”.

Komandanın infrastruktur baxımından vəziyyətinə toxunan Şirdanov Zaqatala OİK stadionundan istifadə etdiklərini, lakin meydançanın yenilənməyə ehtiyac duyduğunu bildirib: “Hazırda Zaqatala OİK stadionundan istifadə edirik. Hansı ki, Gənclər və İdman Nazirliyinin balansındadır. Lakin qazonun dəyişdirilməsinə ehtiyac var. Təəssüf ki, maliyyə vəsaitimiz tam yetərli deyil. Bununla belə, motivasiyanın yüksək səviyyədə olması bizim əsas üstünlüyümüzdür. Mübarizə əzmi ən yüksək səviyyədə olan komandalardan biriyik və sonadək mübarizə aparmağa hazırıq”.

GÜNAY SÜLEYMANOVA

Shares: