“Kəpəz”in “Turan Tovuz”dan icarəyə götürdüyü Sadiq Şəfiyevin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 24-cü turunda “Zirə”yə uduzdunuz. Məğlubiyyətin (0:2) səbəbini nədə görürsünüz?
– Əslində, oyuna yaxşı hazırlaşmışdıq. Həftəboyu intensiv məşqlər etmişdik. Sadəcə, oyuna az qalmış hava şəraitinin pisləşməsi planlarımıza daxil deyildi. Bunun oyunumuza təsir etdiyini deyə bilərəm.
– Görüşün bir gün sonraya ertələnməsi komandanıza mənfi təsir göstərdi?
– Əlbəttə, bu amil futbolçulara psixoloji cəhətdən bir qədər təsir edən məqamdır. Buna baxmayaraq, “Zirə”yə qarşı yaxşı mübarizə apardığımızı düşünürəm. Bakıdan sərfəli nəticə ilə qayıtmaq istəyirdik, ancaq alınmadı.
– “Kəpəz”ə bu qış qoşuldunuz. Kollektivə və baş məşqçinin oyun üslubuna tam uyğunlaşmısınız, yoxsa sizə bir qədər də zaman lazımdır?
– Məşqçimizin dediklərini tez bir zamanda mənimsəməyə çalışıram. Daha çox çalışaraq komandaya ən qısa müddətdə tam uyğunlaşmaq istəyirəm.
– Qarşıda sizi Azərbaycan Kubokunda “Neftçi” ilə cavab oyunu gözləyir. İlk görüşdə 0:2 hesabı ilə uduzan “Kəpəz” səfərdə keçiriləcək cavab matçında sensasiyaya imza ataraq yarımfinala çıxa bilərmi?
– Futboldur, hər şey ola bilər. İlk matçda qeydə alınan nəticəni unutmuşuq. Cavab oyununda komanda şəklində əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İnşallah, hər şey istədiyimiz kimi olar.
– Çempionatda da növbəti görüşünüz məhz “Neftçi”yə qarşı olacaq. Eyni rəqiblə qısa müddətdə iki dəfə qarşılaşmaq sizə əlavə çətinlik yaradacaqmı?
– Bu məqamın bizə əlavə çətinlik yaradacağını deməzdim. Hər iki görüşə qələbə üçün çıxacağıq. Necə olacağını isə zaman göstərəcək.
– “Kəpəz” hazırda turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Komanda qarşısına qoyulan missiyanın öhdəsindən gələ, Premyer Liqada qala biləcək?
– Hər birimiz bunun üçün çalışırıq. Komandamızı yuxarı pillələrə daşımaq istəyirik. Çətin olacağını bilirik. İnşallah, hamımız birlikdə “Kəpəz” ailəsi olaraq bu missiyanın öhdəsindən gələcəyik.
FƏRİD