Veteran futbolçu Vidadi Rzayevin futbolinfo.az saytına müsahibəsi

– Premyer Liqada yeni mövsümdən 12 komanda yarışacaq. Bununla bağlı fikriniz necədir?

– Bu qərarı hamı kimi, mən də alqışlayıram. Bu, çoxdan olmalıydı. Premyer Liqa 14, 16 komandanın iştirakı ilə keçirilsə, lap əla olar. İnşallah, yavaş-yavaş komanda sayını 16-ya, hətta 18-ə çatdırarlar. Vaxtilə bölgələrimizdə yaxşı komandalar olub. İlk növbədə, əyalətlərimizdə futbol olmalıdır. Masallı, Lənkəran, Quba, Mingəçevir və digər bölgələrimizin də Premyer Liqada təmsilçiləri olsaydı, çox sevinərdik.

– Bu mövsüm 10-cu yeri tutacaq komandanın pley-off oyunu keçirməyəcəyi, I Liqaya düşəcəyi də dəqiqləşdi. Yəqin ki, bu qərarı da bəyəndiniz…

– Əlbəttə ki, bəyəndim, bu qərar da əladır. İdman prinsipləri qorunacaq, Premyer Liqada sonuncu yeri tutacaq komanda yüksək dəstəni tərk edəcək. Bu qərarı verməklə də ağıllı, yaxşı iş gördülər. Siz də bilirsiniz ki, Premyer Liqa və I Liqa komandaları arasında böyük uçurum var, fərq olduqca böyükdür. Buna görə də pley-offdan söhbət belə gedə bilməzdi. 10-cu yeri tutacaq komanda Premyer Liqadan getməlidir. Bildirildi ki, I Liqadan 3 komanda elitaya yüksələcək. Mənə elə gəlir ki, I Liqada tutduğu yerdən asılı olmayaraq, infrastrukturu, şəraiti yaxşı olan komandalar elitaya gələcək. Şəxsən mən də bunun tərəfdarıyam. İndiki Premyer Liqa komandalarının vəziyyəti, durumu I Liqada, təkcə “Qəbələ”ni çıxmaq şərtilə, digərlərinin şəraitindən qat-qat üstündür.

– Birinci liqadan konkret hansı komandaların Premyer Liqaya yüksəlməsini istərdiniz?

– Birinci yeri tutacaq komanda avtomatik elitaya gələcək. İkinci və üçüncü yerləri tutacaq komandaların da şəraiti Premyer Liqaya uyğun, ən azından ona yaxın olmalıdır. Hazırda isə I Liqada “Qəbələ”ni çıxmaq şərtilə elə şəraitə malik klub yoxdur. İlk növbədə infrastruktura, şəraitə fikir verilməlidir. Düzdür, bu, idman prinsiplərinə bir az uyğun deyil. Bilirsiniz ki, I Liqa komandaları AFFA-nın yardımı hesabına ayaq üstə dururlar. Onlara ayrılan maliyyə ilə infrastruktur qurmaq olmaz. Hazırda I Liqada çıxış edən komandalardan Yevlaxın, İmişlinin, Zaqatalanın təmsilçiləri vaxtilə Premyer Liqada oynayıb. Bunlardan hansıların şəraiti yaxşıdırsa, Premyer Liqaya buraxmaq olar.

– Növbəti mövsümdən Premyer Liqada legioner limitinin ləğv olunmasına münasibətin necədir?

– Legioner limitinin ləğvinin tərəfdarı olmamışam, yenə də deyiləm. Yəqin ki, fikirləşib nəyisə edirlər. Bu qərarın futbolumuza necə təsir edəcəyini zaman göstərəcək. Sadəcə, Premyer Liqada legioner limiti ləğv edilirsə, onda gərək I və II Liqalarımızda maliyyə, meydançalar, uşaq futbolu, bütün şərait yaxşı ola. Təsəvvür edin ki, Premyer Liqada sonuncu yerlərdə gedən komandalar da bir mövsüm üçün 12-13 legioner gətirəcəklər. Bundan sonra yerli futbolçuların çoxu ehtiyatda qalacaq. Rəqabət deyirlər, buna vaxt lazımdır. Gərək yerli futbolçular buna uyğunlaşsınlar, rəqabətədözümlü olsunlar. Artıq yaxşıların yaxşısı oynayacaq. Elə-belə heç kim heyətinə yerli futbolçu qatmayacaq. Gələn legionerlərdən bir baş, iki baş güclü olmalısan ki, onları heyətdən sıxışdırıb çıxarasan. Başqa yerlərdə belə deyil. Başqa yerlərdə yerlilər öz yerlərini kiməsə elə-belə təhvil vermək istəmirlər. Buna görə də bizim legioner həyatı yaşayan futbolçularımız rəqabətə dözmürlər. Digər ölkələrdə heç kim öz yerini başqasına elə-belə vermir. Arzulayaq ki, bizim futbolçular da öz mövqelərini elə-belə təhvil verməyəcəklər, yəni öz yerləri uğrunda mübarizə aparacaqlar. Rəqabət olan yerdə isə əlbəttə ki, inkişaf olur.

ABBAS

Shares: