“Turan Tovuz” klubunun kapitanı Şəhriyar Əliyev zədədən sonra bərpa prosesinin davam etdiyini bildirib. O, futbolinfo.az saytına açıqlamasında artıq fitnes məşqlərinə başladığını və yaxın günlərdə komandası ilə birgə çalışmalara qoşulacağını deyib.
Təcrübəli müdafiəçi komandasının son oyunlarına da toxunub. O, “Şamaxı” ilə matçda hava şəraitinin oyuna ciddi təsir etdiyini vurğulayıb: “Şamaxı” ilə oyunda hava elə bir vəziyyətə idi ki, oynamaq həm rəqib, həm də bizim üçün çox çətin idi. Klub olaraq bəyanat yaydıq və buna görə də AFFA tərəfindən cərimələndik. Futbolçular olaraq çalışırıq ki, bu haqda düşünmədən öz oyunumuza köklənək. Şükür ki, elə bir çətin oyunda 3 xalı qazandıq. İndi isə bizi qarşıda “Zirə”ilə daha bir ağır qarşılaşma gözləyir. Azarkeşlərimiz önünüdə 3 xalı qazanmaq, turnir cədvəlində möhkəmlənmək istəyirik. Çünki sezon sonu avrokuboklarda iştirak etmək istəyirik. İnşallah, buna nail olarıq”.
GÜNAY SÜLEYMANOVA