Komanda sayının artırılması ilə bağlı qərar I Liqada mübarizə aparan iddialı klubların əsas hədəfə fokuslanmasına şərait yaradıb. Premyer Liqaya yüksəlmək uğrunda əsas namizədlərdən biri olan “İmişli” də bu fürsəti dəyərləndirmək istəyir.
Klubun İdarə Heyətinin sədri Aqşin Mürsəlov futbolinfo.az saytına açıqlamasında verilən qərarın Azərbaycan futbolunun inkişafı üçün vacib olduğunu bildirib: “Komanda sayının artırılmasının son zamanlarda verilən ən yaxşı qərarlardan biri olduğunu düşünürəm. Hətta gələcəkdə 14 və 16 komandaya qədər artırılacağına inanıram. Bu, həm futbolçuların daha çox oyun təcrübəsi qazanmasına, həm də çempionatın daha rəqabətli və maraqlı olmasına şərait yaradacaq”.
Mürsəlov bildirib ki, “İmişli” Premyer Liqaya yüksəlmək üçün həm idman prinsiplərinə, həm də lisenziyalaşdırma prosesinə xüsusi diqqət ayırır: “Bizim üçün çox vacib və önəmli qərardır. Xüsusən də idman prinsipinin qorunması sevindiricidir. Hazırda əsas planımız Premyer Liqaya vəsiqə qazanmaq və lisenziyanı təmin etməkdir. Oyunçu heyətimiz, potensialımız və işçi qrupumuz buna imkan verir. Klub olaraq uzun zamandan sonra Aran zonasına böyük futbolu qaytarmaq, akademiyamızı inkişaf etdirmək, infrastrukturumuzu əsaslı şəkildə təmir etmək və komandamızı gücləndirmək istəyirik”.
Komandanın güclü azarkeş dəstəyinə malik olduğunu vurğulayan klub rəhbəri, hazırda liqadakı bütün rəqiblərin ciddi səviyyəyə yüksəldiyini qeyd edib: “Premyer Liqaya real namizədlər içində komandamızı görürük. Güclü azarkeş dəstəyimiz var. Hazırda bütün komandalar bizim üçün əsas rəqibdir. Çünki liqada səviyyə çox yüksəlib və bütün oyunlar gərgin mübarizə şəraitində keçir”.
Mürsəlov stadion məsələsinə də toxunaraq, komandanın ev oyunlarını keçirdiyi Heydər Əliyev adına İmişli şəhər stadionunun müəyyən yenilənməyə ehtiyacı olduğunu bildirib: “İmişli şəhər stadionu 20 il öncə inşa olunmasına baxmayaraq, yüksək peşəkarlıqla tikilib. Dörd tərəfli, 8000-ə yaxın tamaşaçı tutumu olan arenamızın sadəcə bəzi dəyişikliklərə və təmirə ehtiyacı var. Növbəti mövsüm üçün stadionumuzu tam hazır etməyə çalışırıq”.
Klub rəhbəri Premyer Liqaya yüksəlmək üçün qarşılarında ciddi bir problemin olmadığını da bildirib: “Elitaya yüksəlmək üçün qarşımızda ciddi heç bir problem yoxdur. Bütün oyunlara ciddi yanaşırıq və hər matçda vuruşaraq qalib gəlməyə çalışırıq. Komandanın motivasiyasını qorumaq üçün əlimizdən gələni edirik. Heyətimiz elitada təcrübəsi olan futbolçulardan, yaxşı legionerlərdən və yerli gənc oyunçulardan komplektləşib. Hər kəs işinin peşəkarıdır. Ən əsası isə sona qədər mübarizə aparacaq komandamız var”.
GÜNAY SÜLEYMANOVA