Misli Premyer Liqasında 24 tur artıq geridə qalıb. “Qarabağ”ın çempion titulunu qoruyacağına heç kimin şübhəsi olmadığı halda, ikinci yer uğrunda mübarizə gərgin keçir.
Bundan əlavə, mövsümün sonunda Premyer Liqanı kimin tərk edəcəyini də hazırda təxmin etmək mümkün deyil. Autsayderlərin mübarizəsi maraqlı gedir və bunu son pillələrin sakinləri arasında xal fərqinin az olması da təsdiqləyir.
Cari mövsümün 24 turundan sonrakı nəticələrini ötən sezonun 24 turundan sonrakı vəziyyətlə müqayisə edəcəyik. Bu yazıda hazırda ilk “5-lik”də qərarlaşan komandaların göstəricilərinə nəzər salacağıq.
“Qarabağ”dan eyni nəticə
İlk pillədə qərarlaşan “Qarabağ” Misli Premyer Liqasının keçən mövsümündəki çıxışını təkrarlamaqdadır. 2023/24 sezonunda 24 turdan sonra 57 xal toplayan ağdamlıların hesabında yenə eyni sayda xal ehtiyatı var. “Köhlən atlılar”ın qələbə, heç-heçə və məğlubiyyət sayı da ötən mövsümdəki ilə eynidir: 18 qələbə, 3 heç-heçə və 3 məğlubiyyət. Top fərqinə gəlincə, keçən sezon 24 tura 61 qol vurub 20 qol buraxan “Qarabağ” bu mövsüm 60 qol vuraraq qapısında 15 top görüb.
Müdafiə komandasından hücum komandasına çevrilən “Zirə”
Hazırda MPL-də ikinci yerin sakini olan “Zirə” ötən mövsümlə müqayisədə daha uğurlu çıxışı ilə diqqət çəkir. Təsadüfi deyil ki, 2023/24 sezonunda 24 turdan sonra 35 xalla (9 qələbə, 8 heç-heçə, 7 məğlubiyyət) 4-cü pillədə qərarlaşan “qartallar” bu mövsüm 10 xal çox toplayıblar (14 qələbə, 3 heç-heçə, 7 məğlubiyyət).
Rəşad Sadıqovun komandası ötən mövsüm daha çox müdafiədə inamlı təsir bağışlaması ilə ad çıxartmışdı. Qəsəbə klubu 24 oyuna cəmi 17 qol vurmuş, cəmi 13 qol da buraxmışdı. Bu mövsüm isə vəziyyət tam fərqlidir. Artıq “Zirə” müdafiə deyil, hücum xətti ilə öyünə bilər. Bu sezon 24 oyuna 40 qol (23 qol çox) vuran “qartallar” bu müddətdə 21 qol (8 qol çox) buraxıblar.
“Araz-Naxçıvan”da irəliləyiş, hücum xəttində geriləmə
3-cü pillədə qərarlaşan “Araz-Naxçıvan”da ötən mövsümlə müqayisədə ciddi irəliləyiş var. Muxtar respublika təmsilçisi keçən sezon 24 turdan sonra 31 xal toplayaraq (8 qələbə, 7 heç-heçə, 9 məğlubiyyət) 8-ci pillədə qərarlaşmışdı. Bu mövsüm isə “Araz-Naxçıvan” 24 oyuna 45 xal (14 xal çox) toplayıb. 13 dəfə qalib gəlib 6 görüşdə heç-heçə edən naxçıvanlılar cəmi 5 məğlubiyyət üzü görüblər.
Ötən sezonla müqayisədə “Araz-Naxçıvan”ın hücum xətti zəifləyib. Keçən mövsüm 26 qol vurub 31 qol buraxan bölgə təmsilçisi bu sezon 23 qol vurub, 16 qol buraxıb. Yəni Elmar Baxşıyevin komandası orta hesabla hər oyuna heç 1 qol vurmur. Müdafiə xətti güclənən “Araz-Naxçıvan” bu mövsüm daha çox minimal hesablı qələbələrə sevinib.
11 xal çox toplayan “Turan Tovuz”
2023/24 mövsümündə 24 oyuna 31 xal toplayan (8 qələbə, 7 heç-heçə, 9 məğlubiyyət) “Turan Tovuz” bu müddətdə 37 qol vurub, 34 qol buraxmışdılar. Komanda 24 turdan sonra 6-cı pillədə qərarlaşmışdı.
Hazırda turnir cədvəlində daha öndə – 4-cü pillədə olan Qərb təmsilçisi əksər göstəricilərə görə ötənilki çıxışını üstələyir. “Turan Tovuz” bu sezon 42 xal (11 xal çox) toplayıb, 11 qələbə qazanıb (3 qələbə çox), 9 dəfə heç-heçə edib (2 heç-heçə çox), cəmi 4 dəfə uduzub (5 məğlubiyyət az). Keçən mövsümlə müqayisədə 10 qol az buraxan tovuzlular təkcə vurduğu qolların sayına görə ötən sezondan geri (5 qol az) qalırlar.
Heç-heçələri sıralayan “Sabah”: qolların sayı eynidir
Növbəti çatdı ilk “beşliyin” sonuncu sakini “Sabah”a. Paytaxt klubu 2023/24 sezonunda 24 turdan sonra 7-ci pillədə qərarlaşaraq “5-lik”dən kənarda qalıb. Keçən mövsüm 24 oyuna 31 xal toplayan (8 qələbə, 7 heç-heçə, 9 məğlubiyyət) “bayquşlar” bu sezon 24 tura 33 xal yığıblar (7 qələbə, 12 heç-heçə, 5 məğlubiyyət). Əsas diqqətçəkən məqam odur ki, “Sabah” cari mövsümdə daha çox heç-heçələri sıralayır.
Maraqlıdır ki, ötən mövsüm 24 oyuna 33 qol vurub, 30 qol buraxan bakılılar cari sezonda da eyni sayda qol vurub və qapılarında top görüblər.
ABBAS