Ramazan ayı başladı, “Sumqayıt”ın qol orucu bitmədi. “Kimyaçılar” ardıcıl 11 matçdır rəqib qapısına yol tapa bilmir. Bunun nəticəsində “Şamaxı”dan öndə olduğumuz üçün sevinirik” deyən Vaqif Cavadov artıq bu komandaya aşağıdan yuxarı baxır.
Misli Premyer Liqasında 25-ci tur qonaq komandaların 2:0 hesablı qələbələri ilə başladı. “Qarabağ”ın böhran içində olan rəqibini məğlub edəcəyi gözlənilən idisə, Bayılda 6 xallıq matç oynanılırdı.
“Şamaxı” “Səbail”lə görüşdə uduzsaydı, autsayderlər qrupu bir az da qarışacaqdı. O zaman 1-2 xallıq fərqlə bir-birindən aralı olacaq komandalar mövsümün qalan hissəsində həm əyani, həm qiyabi mübarizə aparacaqdı. Lakin bölgə təmsilçisi vacib 3 xal əldə edərək son pillədən 6 xal uzaqlaşdı. “Şamaxı” 7-ci pilləyə qalxaraq dərin nəfəs aldı, “dənizçilər” isə ən həlledici qarşılaşmada əliboş qalıb I Liqaya enmək təhlükəsini daha ciddi hiss etməyə başladı.
Matça yaxşı başlayan meydan sahibləri ilk yarım saatı üstün keçirdi. Lakin bu, təhlükəli vəziyyətlərlə yekunlaşmırdı, Ayxan Abbasovun yetirmələri rəqibi cərimə meydançası ətrafınadək buraxır, əks-hücumda şans axtarırdı. Qonaqlar taktiki cəhətdən düzgün oynayır, rəqibinin sonadək belə çıxış edə bilməyəcəyini anlayırdı. Ötən həftə “Qarabağ”la ağır kubok matçında yorulan “Səbail”in fiziki cəhətdən çatdırmadığı üzə çıxanda “Şamaxı” B planını işə saldı. Hücumda aktivliyin artırılması öz yerində, qonaqlar künc zərbəsi zamanı hazırladığı planı qüsursuz yerinə yetirdi.
Fasilə ərəfəsində vurulan qol şamaxılıları ayıltdı və ikinci hissənin ilk 15 dəqiqəsində 6 yüzfaizli qol şansı yaradıldı. Meydan sahiblərinin qapıçı və müdafiəçiləri fədakar oynasa da, növbəti düşünülmüş hücum qolla nəticələndi. Hesab 2:0 olarkən artıq matç bitmişdi. “Səbail”in oynadığı futbol geridönüşə ümid vermirdi və Cavid Hüseynov vəziyyəti dəyişməyi bacarmadı. Qonaqlar qalan zamanı da üstün keçirib istəyinə nail oldu.
Sumqayıtda isə hər şey ilk yarıda həll olundu. Vaqif Cavadovun heyətdəki yerdəyişmələri fayda vermədi, əvəzində “Qarabağ” fasiləyədək 2 qol vurdu, qalan vaxtda isə yaxşı məşq etdi. 10 oyundur qol vurmayan “kimyaçılar”ın ağdamlıları məyus etməsi yalnız xoş təsadüf ola bilərdi. O da olmadı və çempion xallarını 60-a çatdırıb növbəti titula doğru önəmli addım atdı.
Növbəti tur “Sumqayıt” üçün önəmli olacaq. “Kəpəz”lə ev oyununda qələbə qazanılmasa, həm Cavadovun istefası reallaşa bilər, həm də I Liqaya yolçuluq daha da yaxınlaşacaq. Ötən mövsüm parlaq çıxış edən lider futbolçularla yola getməyən, klub daxilində ciddi problemlərə səbəbkar olan Vaqif bəy beləcə məşqçi kimi uğursuz debütünə razılaşacaq.
Mövsümün bitiminə hələ var. Lakin məhz indiki oyunlar həlledici xarakter daşıyır. “Şamaxı” dünənki qələbə ilə böyük üstünlük qazanmağa nail oldu, “Səbail”lə “Sumqayt” isə böhrandadır. “Dənizçilər” qış fasiləsindən sonra qismən özünə gəlsə də, dünənki oyun göstərdi ki, Hüseynovun təcrübəsizliyi həlledici məqamda əsas çatışmazlıqdır. “Kəpəz”in hələ ehtiyatda bir oyunu var. Lakin gəncəlilərin oyunu daha yaxşı nəticəyə ümid verir. Komanda bu gün “Neftçi”dən xal almalı, növbəti həftə Sumqayıtda uduzmamalıdır. Əks halda, Azər Bağırovun yetirmələrinin narahatlığı davam edəcək.
FƏRİD