“Turnir cədvəli sanki ilk beşlik və son beşlik şəklində iki hissəyə ayrılıb. Hər iki tərəfdə ciddi rəqabət gedir. Komandaların xalları bir-birinə çox yaxındır. Nə qədər çətin olacağının fərqindəyik. Buna görə də bir qram belə rahatlamaq haqda düşünmədən oyunlarımıza köklənmişik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Şamaxı”nın futbolçusu Vüsal Məsimov deyib.
25 yaşlı müdafiəçi “Səbail” üzərində qazandıqları 2:0 hesablı qələbədən də danışıb: “Turnir cədvəlindəki mövqelərimiz bu qarşılaşmanın nə dərəcədə çətin olacağını göstərirdi. Hər iki komanda autsayderlər qrupunda yer alırdı və qələbə bizim üçün çox önəmli idi. Oyuna yaxşı hazırlaşmışdıq. İlk 15 dəqiqədə “Səbail” bizi sıxsa da, sonradan təşəbbüsü ələ aldıq və istədiyimiz nəticəni əldə etdik. Düşünürəm ki, oyunun ədalətli nəticə ilə yekunlaşdığını söyləmək olar”.
Məsimov keçmiş komandası “Səbail”ə qarşı oynamaq təcrübəsindən də söz açıb: “Səbail” mənim üçün hər zaman xoş xatirələrlə yadda qalıb. Şükür ki, hər şey yaxşı keçdi. Bu qələbə sayəsində turnir cədvəlində 7-ci sıraya qalxdıq. Ümid edirəm ki, davamı gələr. Çünki artıq neçə oyundur ki, yaxşı çıxış etsək də, nəticə son anlarda əlimizdən qaçırdı. Təəssüf ki, sonluğu gətirə bilmirdik. İnşallah, bu qələbə “Sabah”la oyunöncəsi bizə əlavə motivasiya verər və onlara da qalib gələrik”.
GÜNAY SÜLEYMANOVA