“Sonuncu pillədə olmağımız komanda üzərində müəyyən qədər təzyiq yaradır. Amma qış fasiləsindən sonra toparlanmışdıq və yalnız bir məğlubiyyətimiz var idi ki, bu da “Qarabağ”a qarşı olmuşdu. Digər oyunların hamısında xal qazanmışdıq. Eyni şəkildə davam etsək və vacib matçlarda xal toplasaq, üzərimizdəki təzyiq aradan qalxacaq. Bu halda lazımi nəticələri əldə edərək sonuncu pillədən uzaqlaşa və elitada qala bilərik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Səbail”in futbolçusu Marko Nikoliç deyib.

26 yaşlı futbolçu “Şamaxı”ya qarşı keçirdikləri oyunun böyük əhəmiyyət daşıdığını, lakin 0:2 hesabının çox uğursuz nəticə olduğunu qeyd edib: “Bizim üçün çox vacib oyun idi. Qələbə qazansaydıq, turnir cədvəlində irəliləyəcəkdik və bu, bizə əlavə motivasiya verəcəkdi. Təəssüf ki, bunu bacarmadıq və istədiyimiz oyunu sərgiləyə bilmədik. Rəqib bizdən xeyli üstün görünməsə də, daha çox zərbə endirdi və iki qol vurdu. Bu qollardan sonra komandamızda müəyyən ruh düşkünlüyü yarandı. Meydanda zəif təsir bağışlaya bilərik, lakin futbolçularımızın hər biri sona qədər döyüşən, mübariz oyunçulardır. Rəqibin üzərimizdə xüsusi təzyiq yaratdığını düşünmürəm. Sadəcə, hesabda geri düşdükdən sonra oyuna tam köklənə bilmədik. İki top fərqi ilə geri düşdükdən sonra geridönüş etmək çətin idi”.

O, komandanın bu məğlubiyyətdən dərs çıxararaq qarşıdakı oyunlara maksimum hazırlaşmalı olduğunu vurğulayıb: “Hazırkı nəticəmiz heç də ürəkaçan deyil. Qarşıda bizi çox vacib oyunlar gözləyir. Ümid edirəm ki, birlikdə bu vəziyyətdən çıxıb, növbəti matçlara köklənərək istədiyimiz xalları toplayacağıq”.

“Səbail”in növbəti turda “Zirə” ilə qarşılaşacağını xatırladan serbiyalı müdafiəçi rəqibin güclü olduğunu qəbul etsə də, qələbə üçün mübarizə aparacaqlarını deyib: “Növbəti rəqibimiz turnir cədvəlində ikinci pillədə qərarlaşan “Zirə”dir. Çox yaxşı və güclü komandaya malikdirlər, əvvəlki illərdə də uğurlu nəticələr göstəriblər. Lakin biz hər oyuna 3 xal üçün çıxırıq. “Şamaxı” məğlubiyyətini geridə qoyub, “Zirə” oyununa tam hazırlaşmalıyıq. Məncə, sürpriz edərək qələbə qazana bilərik”.

GÜNAY SÜLEYMANOVA

Shares: