Misli Premyer Liqasında dünən baş tutan oyunların hər ikisinin taleyini bir qol həll etdi. Həm Şamaxıda, həm də Zirədə meydan sahibləri fərqləndi və qələbəyə nail oldu.
Qələbə “Zirə”nin izləyicisindən uzaqlaşmasına yardım etdi. Artıq “Araz-Naxçıvan” 5 xal geridədir. Baxmayaraq ki, qələbə asan başa gəlmədi. “Qartallar” inadla müdafiə olunan “Səbail”in müqavimətini yalnız rəqb 10 nəfərlə qaldıqdan sonra qırdı. Son saniyələrdəki dəqiq zərbənin müəllifi Ruan Renato növbəti dəfə müdafiədə etibarlı oyununu hücumdakı məhsuldarlığı ilə taclandırdı.
“Zirə” “Qarabağ”ı izləməyə davam etsə də, hazırda əsas məqsədi ikinci pillədəki mövqeyini qorumaqdır. Komanda yaxşı oynayır, nəticə üçün mümkün olanı edir. Qəsəbə təmsilçisi ağdamlılardan sonra ən yaxşı top fərqinə malik komandadır. Yalnız liderdən daha çox top buraxılması təsadüfi deyil. “Qartallar” 2025-ci ildə 5 matçda qapısında qol görməyib, son 4 oyunda isə bu seriya halını alıb. Bu, təkcə qapıçının məharəti deyil, “Zirə” balanslı, etibarli futbol oynayır. Rəşad Sadıqov illərdir çəkdiyi əziyyətin bəhrəsini görməkdədir. Komandada məşqçi işi indi daha qabarıq hiss olunur. Bəzən qol vurmaq üçün son dəqiqələrədək gözləmək lazım gəlir, ancaq “Zirə” intizamlı oynamağı heç vaxt unutmur.
Qazanılacaq bir xal bəlkə də “Səbail”i Premyer Liqada qalmağa ümidləndrəcəkdi. Lakin dünənki məğlubiyyətlə vəziyyət daha da pisləşdi. Bu gün keçiriləcək “Sumqayıt” – “Kəpəz” matçında qalib gələn xeyli uzaqlaşacaq, məğlub olan Bayıl təmsilçisi kimi qorxu içində qalacaq, bərabərlik isə hər iki tərəfə sonuncu pillədən 5 xal uzaqlaşmaq imkanı verəcək.
“Şamaxı” ardıcıl iki qələbə ilə xeyli rahatlaşdı. “Səbail”in ardınca “Sabah” da top buraxmadan məğlub edildi. Bu nəticələr Ayxan Abbasovun yetirmələrinə hətta “Neftçi”ni ötməyə, “Sabah”la fərqi 7 xala endirməyə imkan verdi. Son pillədən 3 qələbəlik məsafədə dayanmaq bölgə təmsilçisini xeyli rahatlatdı. Uğursuz seriya ilə son pillələrə düşən şamaxılılar həmin matçlarda yaxşı oynamışdı, yaxşı oyun isə əvvəl-axır bəhrəsini verməli idi. Dünən “Sabah”la qarşılaşmada da belə oldu, rəqibə göz açmağa imkan verməyən meydan sahibləri daha cəsarətli olsaydı, böyük hesab da qeydə alına bilərdi.
“Sabah”ın problemi aydındır – komandanın baş məşqçisi yoxdur. Boş-boş açıqlamalar verən Vasili Berezutski matç boyu ancaq hakimlərə mənasız təzyiq edir. Azərbaycana məşqçilik öyrənməyə gələn rusiyalı şəxsən dünən uduzduğu Abbasovdan çox şey əxz edə bilər. Çempionatda demək olar, şansı qalmayan “bayquşlar”ın ümdi ölkə kubokunadır. Yəqin ki, Berezutskinin taleyinə də yarımfinallardan sonra aydınlıq gələcək. “Sabah” rəhbərliyinin səhv seçim etdiyi aşkardır. Bəlkə də Berezutskidənsə yerli məşqçilərdən birinə belə şərait yaratmaq daha yaxşı olardı.
Hələlik heç-heçənin qeydə alınmadığı turda bugünkü oyunlar da böyük önəm kəsb edir. Sumqayıtda son pillədən uzaqlaşmaq üçün barışmaz mübarizə izləyəcəyimiz dəqiqdir. 11 oyundur qol vurmayan meydan sahibləri ən azı “Kəpəz”dən geri qalmamağa çalışacaq, gəncəlilər isə daha bir pillə irəliləmək üçün cəhd edəcək. “Neftçi”nin yenidən 6-cı pilləyə qalxmaq üçün çalışacağı, “Turan Tovuz”un isə 3-cü pilləyə yaxınlaşmaq üçün xal qazanmağa cəhd edəcəyi aydındır.
FƏRİD