“İlk növbədə çox xoşbəxtəm ki, əsas milli komandaya dəvət aldım. Həqiqətən çox fərqli hisslərdir”. Bunu futbolinfo.az saytına açıqlamasında “Neftçi”nin hücumçusu Ağadadaş Salyanski deyib.
Gənc forvard Azərbaycan yığmasının yoldaşlıq görüşü keçirəcəyi Haiti və Belarusla oyunlar üçün çağırılan heyətinə dəvət almasından danışıb: “Hər bir azərbaycanlı üçün öz bayrağını, ölkəsini təmsil etmək fəxrdir. Baş məşqçimiz Fernandu Santuş mənə güvənib yığmaya dəvət edib. Bu, özümü doğrultmaq baxımından mənim üçün şansdır. Məndə bu dəvətdən maksimum yararlanmağa çalışacam. Qarşıdakı oyunlara yaxşı hazılaşıb, inşallah, qələbə qazanacağıq. Azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Qeyd edək ki, Azərbaycan yığması martın 22-də Haiti və martın 25-də Belarusla qarşılaşacaq.