“Şamaxı”nın yarımmüdafiəçisi Rauf Rüstəmlinin futbolinfo.az saytına müsahibəsi
– Qış fasiləsindən sonra ilk turlarda nəticələr ürəkaçan olmasa da, son 2 turda qələbə qazanmısınız. Nəticələrin yaxşılaşması nə ilə əlaqədardır?
– Bəli, qış fasiləsindən sonra nəticələrimiz yaxşı olmadı. Amma oyunumuz gələcək turlarda nəticənin olacağını göstərirdi. Məğlub olduğumuz görüşlərdə belə, yaxşı oyun nümayiş etdirmişdik. Artıq bunun nəticəsini də görürük. Son oyunlarda həm yaxşı oynayırıq, həm də nəticələrimiz ürəkaçandır.
– “Şamaxı”da icarə əsasında çıxış edirsiniz və transfer hüququnuz “Sabah”a məxsusdur. Bu məqam paytaxt təmsilçisi ilə son matçda şəxsi motivasiyanızı daha da artırmışdı?
– “Sabah”la oyuna əlavə motivasiya ilə çıxmamışdım. Digər matçlara necə hazırlaşıramsa, bu görüşə də eyni qaydada hazırlaşmışdım.
– “Şamaxı” ilə icarə müqaviləniz cari mövsümün sonuna qədərdir. Yayda “Sabah”a qayıtmağı planlaşdırırsınız, yoxsa karyeranızı “Şamaxı”da davam etdirmək fikrindəsiniz?
– Hələ bu barədə heç nə düşünmürəm. Hazırda “Şamaxı”dayam və bütün diqqətimi komandamın çıxışına və özümü daha yaxşı tərəfdən göstərməyə yönəltmişəm. Bu barədə mövsüm bitəndən sonra qərar verilər.
– Növbəti oyununuz “Araz-Naxçıvan”a qarşı olacaq. Qələbə seriyasını bu matçda da davam etdirə biləcəksiniz?
– Yaxşı komandaya qarşı oynayacağıq. Ağır görüş olacağını bilirik. Amma bu matça da yaxşı hazırlaşmışıq və meydana qələbə üçün çıxacağıq. İnşallah, meydanı 3 xalla tərk edərik.
– Hazırda 7-ci pillədə qərarlaşan “Şamaxı”nın mövsümü hansı pillədə başa çatdıracağını düşünürsünüz?
– Bəli, hazırda 7-ci pillədəyik. Amma inanıram ki, bundan yuxarı pillələrdə qərarlaşa bilərik. Buna gücümüz çatar. Qalan oyunlarda turnir cədvəlində yuxarı pillələrə qalxmaq üçün çalışacağıq.
– “Qəbələ”nin yetirməsisiniz və hazırda I Liqada çıxış edən doğma komandanızın növbəti mövsümdə yenidən Premyer Liqada oynayacağı şübhə doğurmur. Bununla bağlı nə deyə bilərsiniz? Yəqin ki, “Qəbələ”nin qayıdışına ən çox sevinənlərdən biri də siz olacaqsınız…
– 11 il “Qəbələ” klubunda olmuşam, bu klubun yetirməsiyəm. “Qəbələ”nin hazırda I Liqada olması üzücüdür. Ancaq yenidən Premyer Liqada oynamağa bu qədər yaxın olmaları məni də çox sevindirir. “Qəbələ”yə uğurlar arzu edirəm.
FƏRİD