Ölkəmizdəki sürət həvəskarlarını maraqlandıran mühüm məsələlərdən birinə – “Formula-1” üzrə dünya çempionatının hansı kanalla yayımlanmasına aydınlıq gətirilib.
Futbolinfo.az xəbər verir ki, yarışlar İdman TV tərəfindən yayımlanacaq.
Belə ki, artıq yarışların yayım hüququ telekanal tərəfindən alınıb və azarkeşlər bu yarışları ardıcıl 15-ci mövsüm ölkənin ilk idman kanalında ənənəvi və tanıdıqları şərhçilər Siyavuş Əliyevlə Rəhim Əliyevin təqdimatında izləyə biləcəklər.
Qeyd edək ki, “Formula-1” çempionatına bu gün Avstraliyada start verilib. Sabah sıralanma turu və bazar günü yarış kanaldan canlı yayımlanacaq.
Xatırladaq ki, 24 yarışdan ibarət mövsümün 17-ci mərhələsi olan Azərbaycan Qran-prisi sentyabrın 19-21-də baş tutacaq.