Həyat bumeranqdır. Cavid Hüseynovun yaxşı məşqçi olması üçün bu dərsləri indi alması özü üçün də çox yaxşıdır.
“Səbail”un sabiq baş məşqçisi “Şamaxı”ya uduzduqları ev matçındn sonra üstüörtülü, dünənki növbəti ev yenilgisindən sonra isə açıq danışdı. Tək qaldığını, rəhbərlikdən dəstək görmədiyini, edilən vədlərin yalan çıxdığını dilə gətirdi. Hardasa bəhanə də sayıla bilər, lakin həqiqət payı da çoxdur. Yekun eynidir – onu bu posta gətirənləri ifşa etdi.
Və bu açıqlama xoşa gəlmədi. Rəhbərlik “Neftçi”yə 1:2 hesablı məğlubiyyətdən az sonra Hüseynovu nəticələri bəhanə edərək, əslndə isə açıqlamalarına görə istefaya göndərdi. Bəlkə də “Səbail”i I Liqaya düşməkdən qurtarmaq üçün çıxış yolu budur. Komandaya düzgün təyinat mümkün olsa, 9 tura əsas rəqiblə aradakı 5 xal fərqini əritmək mümkündür. Amma səriştəsizliyi göz önündə olan “Səbail” rəhbərliyinin nəhayət, doğru işlər görüb özünü qurtaracağına ümid azdır.
O da var ki, “Səbail” 3 mövsümdür zirzəmidə sürünür. Cavid bəydən öncə də belə idi. Daim autsayderlər qrupunda olan, elitada qalmaq üçün mübarizə aparan komandanın problemi Hüseynov deyil, yarıtmaz fəaliyyət göstərən klub rəhbərliyidir. Klubda nə baş verirsə, bu müddətdə əksəriyyəti legioner olmaqla onlarla futbolçu gətirilib, məşqçilər dəyişilib, idarəçilər yenilənib, lakin nəticələr dəyişmir. Bünövrə sağlam deyil, gələnlər də hərəsi divardan bir kərpic qoparır.
İstefaya göndərilməli olan təkcə məşqçi deyil. Rəhbərlik bu qədər uğursuzluğun yekununda postundadırsa, deməli, “dənizçilər” elə I Liqaya yollanmalıdır. Hüseynovun “yiyəsiz klub” olmaları ilə bağlı dedikləri tam həqiqətdir. Klub rəhbərliyi özünü o qədər yekəxana aparıb ki, futbol camiəsində dostları yoxdur, hamı bu vecsiz klubun Premyer Liqadan rədd olmasını arzulayır.
AFFA-nın sabiq rəhbərlərindən Elxan Məmmədovun uğursuz layihələrindən biri kimi “Səbail” yalnız pulüyütmə dəyirmanına çevrilib – milyonlar havaya sovrulur, əsas komandanın nəticəsizliyi bir yana, ölkə futboluna zərrəcə faydaları yoxdur. “Səbail”in nə düz-əməlli bir yetirməsi var, nə infrastrukturu. AFFA-nın balansında olan stadionun süni qazonunda futbolçuların sağlamlığını əllərindən almaqla məşğuldurlar. Bayıl təmsilçisinin heyətində 10-a yaxın zədəli futbolçu var, bəziləri hətta karyerasını bitirmək təhlükəsi ilə üz-üzədir. Qazon üzündən zədələnənlərin əksəriyyəti bir neçə aya özünə gələ bilmir.
O ki qaldı Cavid bəyə, həyatın bumeranq olduğunu təsadüfən xatırlatmadıq. Komandanın sabiq baş məşqçisi Şahin Diniyev işinin başında ikən Hüseynov onu əvəzləmək üçün dəridən-qabıqdan çıxırdı. 3 ay özünü təklif etdi, tapşırtdı, axır istəyinə nail oldu. Öz bacarığını qiymətləndirmədən başqasının yerinə göz dikməyin nəticəsi belə olur. İndi Cavid bəy ya zamanını özünü təkmilləşdirməyə sərf etməlidir, ya da başqa komandaya – məsələn, köməkçisi olduğu Kurban Berdıyevi əvəz etmək üçün “Turan Tovuz”a – tor atmalıdır.
Seçim Hüseynovundur. Dərsini almayıbsa, eyni tempdə davam etsin! Mövsümün gedişində Berdıyevin yanında daha çox şey öyrənmək varkən, baş məşqçi olmaq iddiasına düşdü, həm özünü, həm də fayda verdiyi qərbliləri çətin vəziyyətdə qoydu. Davranışına görə isə çətin ki, ona tezliklə iş verən tapılar. Rəhbərliyi ifşa edəni heç kim yaxına buraxmaz.
FƏRİD