“Kəpəz”in müdafiəçisi İlkin Qırtımovun futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 27-ci turunda “Qarabağ”la oyunda sürprizə imza ataraq (0:0) meydandan xalla ayrıldınız. Bu nəticəni gözləyirdiniz?

– Liderə qarşı oynadıq. “Qarabağ”la oyunlar digər komandalar kimi, bizim üçün də çətin keçir. Şükürlər olsun ki, güclü rəqibdən xal almağı bacardıq. Uşaqlar bu görüşdə çox əziyyət çəkdilər. Bunun bəhrəsini görmək bizi sevindirdi.

– “Kəpəz”in üçüncü dövrədəki çıxışı, topladığı xal sayı sizi tam qane etdimi? Yoxsa düşünürsünüz ki, daha yaxşı çıxış edə bilərdiniz?

– Çox şükür ki, 3-cü dövrədə xallar topladıq, xal ehtiyatımızı artırdıq. Bir-iki oyun var idi ki, onlardan da xalla ayrılsaydıq, lap yaxşı olardı.

– Çempionatda yaranan fasilə komandanızın xeyrinə olacaq, ya ziyanına?

– Düşünürəm ki, fasilə bizim üçün xeyirli olar. Çünki sıx qrafikdə oynadıq. Komandanın bir qədər istirahətə ehtiyacı var idi. Bu baxımdan, fasilənin olması işimizə yarayacaq. İnşallah, fasilədən daha yaxşı vəziyyətdə qayıdacağıq.

– Fasilədən sonra ilk oyununuz “Səbail”ə qarşı olacaq. Bu görüşdə qələbə qazana biləcəksiniz?

– Çox vacib oyuna çıxacağıq. “Səbail” ilə görüş bizim üçün böyük önəm kəsb edir, çünki əsas rəqibimizdir. Hər birimiz məsuliyyətli olmalıyıq. Meydana qələbə üçün çıxacağıq.

– Hazırda sonuncu pillədən 5 xal öndəsiniz. “Səbail”ə qalib gələcəyiniz təqdirdə, Premyer Liqanı tərk etmək təhlükəsi sizin üçün tam sovuşacaq?

– Hələ heç nə bitməyib. Kimin çempionatda qalacağı, kimin I Liqaya düşəcəyi dəqiq bilinmir. Bu isə o deməkdir ki, sona qədər oynamaq, mübarizə aparmaq, xallar almaq lazımdır.

– Növbəti mövsümdə çempionatda 12 komanda yarışacaq və legioner limiti olmayacaq. Bu qərarlarla bağlı düşüncəniz necədir?

– Komanda sayının artırılması müsbət məqamdır. Legioner limitinin ləğvi isə çox ağır qərar oldu. Heç olmasa, hər komandanın əsas heyətində məcburi 2-3 yerli futbolçu olmalıdır. Limiti birdəfəlik ləğv etməkdənsə, yavaş-yavaş aşağı salsaydılar, daha yaxşı olardı. Bu qədər gənc futbolçunu itirmək olmaz.

FƏRİD

Shares: