Dünən Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “İnter” doğma meydanda “Zirə”nin müqavimətini qıra bilmədi. Matçın bitiminə 31 dəqiqə qalmış baş məşqçi Zaur Svanadzenin döyüşə atdığı Nizami Hacıyev də oyunda dönüş yarada bilmədi.
 
Matç başa çatdıqdan sonra yarımmüdafiəçi həm bu oyun, həm də komandanın durumu barədə futbolinfo.az saytının suallarını cavablandırdı.
 
– “Zirə” yaxşı komandadı. Bu komanda hər bir rəqibə müqavimət göstərməyi bacarır. Qarşılaşmadan öncə rəqibi yaxşı təhlil etmişdik. Əvvəlcədən də bilirdik ki, çətin görüş olacaq. Təxminlərimizdə yanılmadıq. Ancaq ilk yarıda Denis Silvanın zərbəsindən sonra bəlkə də rəqib qapısına penalti təyin etmək olardı.
 
– Qalib gəlməyiniz üçün nə çatışmadı?
– Hücumda top saxlamaq lazımdı. Bunu bacarmadıq. Riskli oynamaq lazımdı, bunu fikirləşməliyik. Müdafiədə diqqətli oynamağı bacarırıq. Təəssüf ki, Rauf Əliyev hazırda komandamıza kömək edə bilmir. Əməliyyatdan yeni çıxıb.
 
– Son 5 oyunda cəmi 1 qələbə qazanmısınız…
– Tək sərgilədiyimiz futbol deyil, oyundankənar amillər də rolunu oynayır. Deyilənlərə görə AFFA-dan bizə Avrokuboklara görə vəsait köçməlidi və həmin pul bizə çatmalıdı. Hələ ki, heç nə yoxdu. Hər şey deyilənlərin üzərində qurulsaydı, dünya belə olmazdı. Artıq heç kimə inanmıram. Pul əlimizə dəyməyincə, heç nəyə inanmıram. Problem yalnız klub rəhbərliyindədi. Bizə necə baxacaqlar, elə də oynayacağıq.
 
– Klubun sizə nəqədər borcu qalıb axı?
– Ötən mövsümdən 4 aylıq borcları qalıb. Bonuslarımızı da verməyiblər. Bu ildən quru maaşa oynayırıq. Demişdilər ki, hər növbəti ayın 10-dək məvacibləri verəcəklər. Amma hələ heç sentyabrın pullarını almamışıq. 
 
– Məsələ həllini tapmasa, növbəti tur “Qəbələ”ylə oyuna çıxmaya bilərsiniz?
– Hər şey ola bilər. Pul verilməsə, meydançaya çıxmaya da bilərik. Çünki “səbr kasa”mız tükənib. Klub rəhbərliyi “İnter”ə baxmaq fikrində deyilsə, açıq desin, biz də gedək başımıza çarə qılaq.
 
 Bəs rəhbərlik nə deyir ki?
– Rəhbərlik deyəndə ki, biz baş məşqçiylə danışırıq. Çünki Georgi Nikolovun nəyisə həll etmək iqtidarında olduğuna artıq inanmırıq. Klubun rəisinin kim, prezidentinin kim olduğunu bilmirik. Müraciət etməyə adam tanımırıq.
 
– “Qəbələ”ylə oyuna çıxmamaq məsələsi şəxsi fikrindi, yoxsa komanda yoldaşlarının da?
– Yox, bu, tək mənim fikrim deyil. Əgər növbəti turadək məsələ müsbət həllini tapmasa, klub üçün çox çətin olacaq.
 
CEYHUN ƏLİYEV
Shares: