Ötən gün Topaz Premyer Liqasının XIX tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Kəpəz" doğma meydanda "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib.
Gəncə şəhər stadionundakı matçdan sonra açıqlama verən ev sahibi komandanın baş məşqçisi Şahin Diniyev qələbəni belə şərh edib:
“Hesab bizi aldatmamalıdı. “Qəbələ” güclü klubdur, yaxşı futbolçulardan təşkil olunan səviyyəli komandadır. Çətin idi onlara qarşı oynamaq. Asan qələbə qazanmadıq. Uşaqlara təşəkkür edirəm. Meydanın hər qarışı uğrunda vuruşdular. Rəqibin hücum qurmasına imkan vermədilər. Futbolda ustalıqdan da çox istək həlledicidir. Oyunçularımla fəxr edirəm. Onlar çox həvəsli idilər. Havanın soyuq olmasına baxmayaraq stadiona çoxlu sayda azarkeş gəlmişdi. Fanatların qarşısında məsuliyyət daşıyırıq. Tək özümüz üçün yox, Gəncə futbolu, azarkeşlər üçün də oynayırıq. Qələbə bizi sevindirir, amma bunu unudub növbəti oyuna hazırlaşmalıyıq. Qələbələri davamlı etməliyik. Qarşıdakı görüşlər daha çətin olacaq. Fiziki baxımdan komanda çox xoşuma gəldi. Keçdiyimiz təlim-məşq toplanışının xeyri oldu. Hələ böyük işlər görməmişik, işin başlanğıcındayıq”.