AZAL-ın quru oyunlar seriyası 6-ya çatıb. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının XIX turunun “Qarabağ”la qarşılaşmasında (1:0) da qol buraxmayan paytaxt təmsilçisi sonuncu dəfə 2015-ci noyabrın 23-də qapısında qol görüb.
“İnter”lə XIII turun matçında 0:2 hesabı ilə uduzan “təyyarəçilər”in qapıçısı Stanislav Namaşkonu Abbas Hüseynov 85-ci dəqiqədə məyus edib. Bundan sonra moldovalı qolkiper “Sumqayıt”, “Rəvan”, “Xəzər Lənkəran”, “Neftçi”, “Zirə” və “Qarabağ”la görüşlərdə qapısını toxunulmaz saxlayıb. Onun quru seriyası 545 dəqiqəyə çatıb. Bakı klubunun bu göstəricidə rekordu Rauf Mehdiyevə məxsusdur – 746 dəqiqə. Cari mövsümün rekordunu isə Dmitri Bezotosnı (“Qəbələ”) müəyyənləşdirib – 729 dəqiqə.
(PFL)