“Qarabağ”a əla avrokubok mövsümünə görə təşəkkür etməyə dəyər. Çempionlar Liqasında fevralın sonuna kimi duruş gətirən ağdamlılar futbol tariximizin ən unudulmaz mövsümünü reallaşdırdı. Son matçda uduzmamaq major yekun ola bilərdi. Lakin İngltərədə 2:3 hesablı məğlubiyyətə görə də üzülməyə dəyməz.
Pley-off bu ilədək xəyal, xoş arzu idisə, artıq reallıqdır. Qurban Qurbanovun yetirmələri o qədər inam yaratmışdı ki, hətta 1/8 final arzusuna düşmüşdük. Amma “Nyukasl”la Bakıdakı oyunda sonun yetişdiyini anladıq. Səviyyə fərqi sözünü dedi və “Qarabağ” darmadağına üzüldü.
Əslində, hətta bu rəqibə diş göstərmək, əsəblə oynamaq olardı. Sadəcə həm ev, həm də səfər matçının ilk dəqiqələrində faciəvi start növbəti sensasiyanı əlçatmaz etdi. “Qarabağ” dünən də – ev oyunundakı kimi – ilk dəqiqələrin stressində boğuldu. Ardıcıl qollarla cütün taleyini həll edən rəqib təmsilçimizin aqibətini müəyyənləşdirdi.
“Qarabağ” özünə gələndə gec idi. Ancaq matçın ikinci hissəsində “Qarabağ” öyrəşdiyimiz futbolunu sərgiləməyə çalışdı. Təsadüfi deyl, ikinci hssə “Qarabağ”ın qələbəsi ilə başa çatdı. Mateus Koxalskinin əlcəklərindən tüstü çıxdı, amma hücum oyunçularımız da mümkün olanı etdi.
Qurbanov Leandro Andradeni ehtiyatda oturdub beşli müdafiəyə üstünlük versə də, heç nə dəyişmədi. “Nyukasl” bu sistemdə də ardıcıl iki qol vurdu, dəfələrlə real epizod yaratdı. Deməli, məsələ hansı taktikayla oynamaqda yox, futbolçuların səviyyə fərqində idi.
İstənilən halda, bizim üçün avrokubok mövsümü bitdi. Elvin Cəfərquliyev “Nyukasl”a hər iki oyunda qol vurmaqla bunu bacaran ilk oyunçu kimi tarixə düşdü və uğurlu yürüşə sonuncu imzanı atdı. İnd ölkə çempionatına qayıtmaq və gələn mövsüm yenidən orada olmaq üçün daşları yerinə oturtmaq lazımdır.
FƏRİD






