“İlk növbədə bütün azarkeşlərimizə, Azərbaycan xalqına, komanda yoldaşlarıma və məşqçilər heyətinə təşəkkürümü bildirirəm. Bura qədər çox yaxşı yol gəldik. Bu mərhələ bizim üçün çox ağır oldu. Amma düşünürəm ki, yaxşı oyunlarımız oldu və layiqincə mübarizə apardıq. “Nyukasl”la ilk oyunda səhvlərimiz həddindən artıq çox idi”. Bu sözləri “Qarabağ”ın oyunçusu Elvin Cəfərquliyev deyib.

Müdafiəçi matçdan sonra İTV-yə açıqlamasında bunları əlavə edib: “Bu gün geri dönüş etmək o qədər də inandırıcı görünmürdü. Amma məşqçimizin bizimlə söhbəti oldu ki, nə olursa-olsun, döyüşmədən meydanı tərk edə bilmərik. Biz də bunun üçün çalışırdıq ki, mübarizə aparaq və əlimizdən gələni edək. Ən azından formamızda Azərbaycan bayrağını daşıyırıq, “Qarabağ” adını təmsil edirik. Biz döyüşsüz meydandan çıxa bilmərik. Qollar buraxsaq da, çox yaxşı mübarizə apardıq. Buna görə komanda yoldaşlarıma təşəkkür edirəm. Bu, bizim üçün böyük təcrübə oldu. Belə bir şey yaşamamışdıq. Arzum odur ki, “Qarabağ” bundan da böyük nailiyyətlər qazansın”.

“Nyukasl”a hər iki oyunda qol vuran Cəfərquliyev gələcək karyerası barədə bunları deyib: “İstəyərəm ki, Azərbaycan bayrağını və ölkəmizi Avropada layiqincə təmsil edim. Amma səbirli olmaq lazımdır. Gələcəkdə nələrin baş verəcəyini deyə bilmərəm. Hazırkı vəziyyətim belədir ki, hazırda “Qarabağ”dayam. Burada mənim üçün hər şey əladır. Öz performansıma gəldikdə, günü-gündən daha yaxşı olmaq istəyirəm. Düşünürəm ki, bundan da yaxşı Elvin görə bilərsiniz. Daim öz üzərimdə işləyirəm ki, həm komandaya xeyirli olum, həm də daha yaxşı Elvin görə biləsiniz. Oyunlardan sonra çoxları mənə yaxınlaşıb soruşur ki, niyə legioner həyatı yaşamıram. Top-5 liqalarda oynamağımı istədiklərini deyirlər. Bunun üçün isə bir az da yaxşı Elvin görməlisiniz ki, böyük klublarda oynamaq mümkün olsun. Yaxşı təkliflər olsa, oturub düşünmək olar. Gələcəkdə nə olacağını isə zaman göstərəcək”.

Shares: