Azərbaycanda futbol klubları hazır pulu xərcləməyə, ancaq almağa o qədər öyrəşib ki, onlardan hansısa fədakarlıq gözləyəndə dərin düşüncəyə qərq olurlar. Özlərinin pul qazanmamaları bir yana, dövlətin ayırdığı yardım yubanan kimi qaş-qabaq yer süpürür.

Bütün fəaliyyəti avrokuboklara vəsiqə qazanmaq olan, bir mərhələni böyük çətinliklə keçən əksər klublarda ölkə futbolunun gələcəyinin də yer aldığı hər hansı plan-proqram yoxdur. Yeni nəslin yetişdirilməsi kimsəni maraqlandırmır, akademiyaların fəaliyyəti gözdən pərdə asmaq üçündür. Hamı yalnız sponsorların, dövlətin daha çox xərcləməsini istəyir.

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəni təmin edəndə ağdamlılardan çox digərləri sevindi. Hamı təmsilçimizin uğuruna görə ayrılacaq həmrəylik yardımını bölüşdürməyə başladı. Hələ vəsait göndərilməsə də, onu beynində planlayan, dağıdan klublar çoxdur. Böyük əksəriyyət yeni transferləri həmin maliyyəyə görə edib, onu almamış xərcləyiblər, vəsait gələndə büdcədəki kəsiri qapayacaqlar.

“Qarabağ”ın uğuru sayəsində hər klub 1,5 milyon manat vəsait alacaq. Bu pul üçün kimsə əziyyət çəkməyib, bir növ göydən zənbillə düşəcək. Klublar həmin maliyyə ilə böyümək adına heç nə edə bilməyəcək, pul mənasız transferlərə dağıdılacaq, işbaz menecerlərin cibi dolacaq. Halbuki hamı söz birliyi ilə 16,5 milyon manatın ölkə futbolu naminə hansısa infrastruktur layihəsinə xərclənməsinə razılaşmaqla daha yaxşı iş görmüş olardı.

“Futbolinfo” olaraq ötən həftə bir təşəbbüs göstərdik (ətraflı linkdə). İndi isə klubların məsələyə münasibətini öyrəndik.

1. “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasına görə UEFA bütün klublar arasında bölünməsi üçün maliyyə köçürəcək. Büdcənizə əlavə olunacaq həmin pulu nəyə sərf etməyi düşünürsüz?

2. Ölkə futboluna faydalı olacaq hansısa layhəyə görə həmin məbləğin bir hissəsindən imtina etməyiniz mümkündürmü?

Bəri başdan qeyd edək ki, sorğuya cavab almaq üçün 3 günümüz sərf olundu. Bir neçə klub cavab vermək üçün “cəhənnəm əzabı çəkdi”, sonda həm razılıq, həm də imtna qərarından çəkinənlər oldu.

Sorğuda “Qarabağ”a müraciət etməməyimiz təbiidir. Onlar maliyyəni qazananlardır və gələn puldan ağdamlılara pay düşməyəcək. Bəs, digər 11 klub nə düşünür?

“Sabah”: Elnur Həmidov (mətbuat xidmətinin rəhbəri)

“Yəqin ki, bu vəsaitin hamısının uşaq-gənclər futbolunun inkişafına yönəldiləcəyi ən populyar və gözlənilən cavab olardı. Amma vacib məqam ondan ibarətdir ki, klubumuz hazırda da bu istiqamətə sözügedən məbləğdən daha artıq vəsait yatırır. Bunu əlavə gəlirlərdən asılı olmayaraq, hər il davamlı şəkildə həyata keçiririk. Ona görə də alınacaq məbləği ayrıca bir layihə üçün nəzərdə tutulmuş birdəfəlik resurs kimi görmürük — bu vəsait növbəti ilin ümumi büdcəsinin bir hissəsini təşkil edəcək və klubun dayanıqlı fəaliyyəti çərçivəsində bütün istiqamətlər üzrə planlı inkişafına yönəldiləcək.

Ölkə futboluna faydalı olacaq hər hansı layihəyə görə həmin məbləğin bir hissəsindən imtina etməyimizə gəlincə, bu məsələ ilk dəfə qaldırılmır. Bizim mövqeyimiz dəyişməzdir: əgər Azərbaycan futbolunun inkişafına xidmət edən və bütün klublar tərəfindən dəstəklənən hər hansı təşəbbüs və ya layihə olarsa, biz mütləq həmin birgə işin iştirakçısı olacağıq. Belə məsələlərdə futbol ictimaiyyətinin vahid, konsolidə olunmuş qərarı xüsusilə vacibdir”.

“Zirə”: Cahangir Məmmədov (icraçı direktor)

“Klubun fəaliyyətində müxtəlif istiqamətlər mövcuddur. Təbii ki, ayrılan bu vəsait həmin istiqamətlər üzrə xərclərin qarşılanmasına və dolayısı ilə klubun, eləcə də ölkə futbolunun inkişafına xidmət edir. Lakin vəsaitin hər hansı bir hissəsindən imtina etmək nəzərdə tutulmur”.

“Araz-Naxçıvan”: Eldəniz Yusubov (icraçı direktor)

“UEFA-dan daxil olacaq vəsait proqnoz xarakterli olsa da, klubun büdcəsində nəzərə alınıb. Vəsait daxil olduqdan sonra onun klubun ehtiyac meyarları çərçivəsində infrastrukturun inkişafına, idarəetmənin təkmilləşdirilməsinə, akademiyanın fəaliyyətinin yaxşılaşdırılmasına, təşkilati məsələlərin həllinə və digər zəruri işlərə yönəldilməsi nəzərdə tutulur.

“Araz-Naxçıvan” rəhbərliyi futbolumuzun inkişafı naminə atılan addımları hər zaman dəstəkləyib və istənilən mütərəqqi təşəbbüslərə qoşulub. Lakin bu suala mətbuat vasitəsilə qısa və birmənalı cavab vermək çətindir. Futbolun inkişafı naminə hər hansı ciddi layihə irəli sürülərsə, onun geniş müzakirəyə ehtiyacı olacaq. Yəni layihənin kim tərəfindən hazırlanması, təşəbbüs sahiblərinin nə dərəcədə etibarlı və peşəkar olması, layihənin kimlər tərəfindən idarə olunacağı və əvvəlki layihələrdən daha mütərəqqi olub-olmaması kimi sualların cavabı böyük əhəmiyyət daşıyır. Göründüyü kimi, bu məsələyə sadə sorğu çərçivəsində cavab vermək mümkün deyil”.

“Sumqayıt”:  Zaur Xudiyev (mətbuat xidmətinin rəhbəri)

“Sözügedən məbləğ klubun hesabına köçürüldükdən sonra əsas komandanın və akademiyanın infrastrukturunun inkişafı istiqamətində aidiyyəti üzrə xərclənəcək. İkinci sualınıza gəlincə, “Sumqayıt” klubu olaraq ölkə futboluna faydalı ola biləcək, eyni zamanda klubumuzun maraqlarına xidmət edəcək istənilən real layihəyə dəstək verməyə hazırıq. Bu barədə konkret təkliflər əsasında daha dəqiq fikir bildirmək mümkündür”.

“Neftçi”: Asəf Zeynallı (mətbuat xidmətinin rəhbəri)

“Bu məsələ ilə bağlı hər hansı bir qərar yoxdur”.

“Şamaxı”: Elçin Usub (İdarə Heyətinin sədri)

“Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması idman baxımından yeni bir uğur və tarixdir. İdmanla yanaşı, bu, aşağı büdcəli klublara maliyyə baxımından da dəstəkdir. UEFA tərəfindən ayrılan bu vəsaiti ilk növbədə klubun uzunmüddətli inkişaf strategiyasına uyğun şəkildə sərf etməyi planlaşdırırıq. Buraya əsasən Şamaxıda yerləşən akademiyamızın inkişafı, klub infrastrukturunun daha da təkmilləşdirilməsi və s. daxildir.

Bildiyiniz kimi, Şamaxı şəhərində klub yenidir və futbol mədəniyyəti yeni formalaşır. Əsas məqsədimiz Şamaxı şəhərini futbol ekosisteminə daxil edərək bu sahəni daha da möhkəmləndirməkdir. Bu vəsait hesabına akademiyamızda yetişəcək bir futbolçu belə olsa, bu, ölkə futboluna fayda deməkdir. Əgər layihə klubun inkişaf strategiyasına uyğun gələrsə, biz də əlimizdən gələni etməyə hazırıq. Lakin unutmayaq ki, UEFA-dan ayrılan vəsaitin xərclənməsi həmin qurum tərəfindən müəyyən edilmiş şərtlər əsasında həyata keçirilir”.

“İmişli”: Leyla Behbudlu (mətbuat xidmətinin rəhbəri)

“Klub olaraq, UEFA-nın müəyyən etdiyi tələblərə uyğun şəkildə ayrılan vəsaitin əsas hissəsini İmişli futbolunun inkişafına yönəltməyi planlaşdırırıq. Məqsədimiz bölgədə futbol infrastrukturunun gücləndirilməsi, uşaq-gənclər futbolunun dəstəklənməsi və davamlı inkişaf modelinin formalaşdırılmasıdır.

Ölkə futboluna fayda verə biləcək layihələr naminə ayrılmış məbləğin bir hissəsindən imtina edilməsi məsələsinə gəldikdə isə, qeyd etmək istərdik ki, Klublar Komitəsində bu təşəbbüslə ilk olaraq “İmişli”nin rəhbərliyi çıxış edib. Təklifimiz ondan ibarət olub ki, sözügedən vəsaitin müəyyən hissəsi ilk növbədə aşağı liqa klublarına dəstək məqsədilə yönləndirilsin. Lakin digər klublar tərəfindən bu təşəbbüsə müsbət münasibət bildirilməyib. Bununla belə, mövqeyimizdə qalırıq və hesab edirik ki, futbolun ümumi inkişafı baxımından aşağı liqa klublarının dəstəklənməsi vacibdir. Digər klubların da razılığı əldə olunacağı təqdirdə, ayrılmış vəsaitin müəyyən hissəsinin futbolun inkişafı naminə müvafiq istiqamətə yönəldilməsini məmnuniyyətlə dəstəkləyərik”.

“Qəbələ”: Səbuhi Səfiyarlı (idman direktoru)

“İllərdir bizim akademiya və infrastruktura görə xərclərimiz həddən artıq çoxdur. Uzun müddətdir yenilənməli olan avadanlıq bazası mövcuddur. 5 təbii meydançanın baxımı üçün tələb olunan avadanlıqlar artıq 20 ilə yaxındır ki, yenilənmir. Bir çox avadanlıq isə təmirə ehtiyac duyur və biz bunu hər il təxirə salırdıq, çünki büdcəmiz buna imkan vermirdi. Üstəlik, aşağı yaş qruplarının məşq etdiyi süni örtüklü meydançalar da ömrünü başa vurub və onların da yenilənməsi vacibdir. Ötən mövsüm qış fasiləsində üstüörtülü meydançamız qəza nəticəsində zədələndi və onu da yeniləmək lazımdır. Bütün bunlar səbəbindən xərclərimiz çox yüksəkdir. Mövcud büdcə ilə yalnız hansısa avadanlıqları yeniləyəcəyimizi müəyyənləşdirə bilərik, amma hansını dəqiq dəyişdirəcəyimizi əvvəlcədən söyləmək mümkün deyil.

Bizim xərclərimiz o qədər çoxdur ki, bunlar özü də Azərbaycan futboluna xidmət edən layihələrdir. Çünki xərclərimizi qarşılamaq üçün əlavə dəstək almırıq və yalnız belə maliyyə mənbələrindən istifadə edirik. Bu səbəbdən başqa layihənin bizim proyektimizdən daha üstün olacağını düşünmürəm. Əlavə büdcəmiz qalmır və başqa sahələrə yardım etmək imkanımız yoxdur. Özümüzün futbola xidmət etmək üçün çox böyük layihələrimiz var və onları həyata keçirmək üçün elə bizə yardım lazımdır”.

“Kəpəz”: (klubun mətbuat xidmətindən göndərilən cavaba kimsə imzasının qoyulmasını istəmədi)

“Həmin vəsaiti akademiyamızın və əsas komandamızın daha da güclənməsi istiqamətində dəyərləndirməyi planlaşdırırıq. Əgər təqdim olunacaq layihə sırf inkişafa, xüsusilə də uşaq futbolunun inkişafına xidmət edərsə və akademiyamızın yetirmələri də bu prosesdən faydalana biləcəksə, əlbəttə, bunu müsbət qiymətləndirmək olar. Lakin hazırda bu istiqamətdə konkret və təsdiqlənmiş bir plan mövcud deyil”.

“Karvan-Yevlax”: Elvin Əjdərli (icraçı direktor)

“Hazırda stadion kompleksində müasir standartlara cavab verən yeni təbii örtüklü məşq meydançasının salınması istiqamətində işlər aparılır. Bununla yanaşı, azarkeş mədəniyyətinin inkişafı məqsədilə stadion ərazisində “kafe lounge” layihəsi icra olunur. Bu məkan yalnız klubumuzun deyil, bütün Premyer Liqa azarkeşlərinin ortaq şəbəkələşmə və görüş mərkəzi kimi fəaliyyət göstərəcək. UEFA tərəfindən ayrılacaq vəsaiti də məhz bu strateji istiqamətlərə — infrastrukturun modernləşdirilməsinə, azarkeş mühitinin yaxşılaşdırılmasına və uzunmüddətli inkişaf layihələrinə yönəltməyi planlaşdırırıq. Bu vəsait cari xərclərdən daha çox davamlı və dayanıqlı inkişafı təmin edən layihələrə əlavə dəstək kimi nəzərdə tutulur. Əsas məqsədimiz qısamüddətli nəticələr deyil, region futbolunun sistemli inkişafını təmin etmək, sağlam idarəçilik və şəffaf maliyyə siyasəti çərçivəsində sabit gələcək qurmaqdır. UEFA və yerli futbol qurumları qarşısında öhdəliklərimizi məsuliyyətlə yerinə yetirməklə yanaşı, azarkeşlərimiz üçün layiqli infrastruktur və mühit formalaşdırmaq istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

Ölkə futbolunun inkişafı hər bir klub üçün prioritet olmalıdır və biz də fəaliyyətimizi məhz bu prinsip üzərində qurmuşuq. Hazırda klub olaraq region futbolunun inkişafı, uşaq-gənclər akademiyasının gücləndirilməsi, infrastrukturun yenilənməsi və azarkeş mədəniyyətinin formalaşdırılması istiqamətində konkret və sistemli addımlar atırıq. UEFA tərəfindən ayrılan vəsait də mahiyyət etibarilə futbolun inkişafına xidmət edən resursdur və biz həmin məbləği məhz bu istiqamətdə — uzunmüddətli, dayanıqlı və ölkə futboluna real fayda verəcək layihələrə yönəltməyi planlaşdırırıq. Yəni faktiki olaraq, bu vəsaitdən istifadə modelimiz artıq ümumi futbol maraqlarına xidmət edən strategiya əsasında qurulub. Hər hansı təşəbbüs ölkə futbolunun ümumi inkişafına real və davamlı töhfə verəcəyi halda, biz hər zaman konstruktiv əməkdaşlığa açığıq və müzakirələrə hazırıq. Lakin hazırda klubumuz bu istiqamətdə konkret layihələr icra etdiyindən ayrılan vəsaitin planlaşdırılmış inkişaf proqramlarına yönəldilməsi daha məqsədəuyğun hesab olunur. Əsas məqsədimiz emosional qərarlar deyil, sistemli və ölçülə bilən nəticələr verən addımlar atmaqdır”.

Sorğuda “Turan Tovuz” yoxdur. Klub müraciətimizi cavablamaq üçün günləri yola verdi, yekunda isə bundan imtina etdi. Qərblilərin bu addımı başadüşülən deyil. Əvvəla, ona görə ki, vaxtilə belə bir təşəbbüs məhz Tovuz stadionu üçün irəli sürülüb, dəstəklənib. Bu rayona böyük futbolun qayıtmasında, şəhər stadionunda ilkin təmir işlərinin görülməsində vaxtilə klublar birləşib. İndi oxşar təşəbbüsdən faydalanan ilk klubun ümumiyyətlə, cavab vermək istəməməsi yaxı hal deyil.

“Turan Tovuz”un rəhbəri Ehtiram Quliyev hər fürsətdə futbolun inkişafı üçün çalışdıqlarını deyir və əməli ilə də bunu göstərir. Təəssüf ki, o, bəzən yaxın ətrafındakı məqsədli adamların məsləhəti ilə hərəkət edir və imicinə mənfi xallar gətirir.

Bu sorğu arxivdə saxlamaq üçün əla materialdır. Sorğuda klub rəhbərliyi səviyyəsində təmsil olunanlar, sözünü mətbuat xidməti vasitəsi ilə çatdıranlar, ümumiyyətlə, “görünməməyə çalışanlar” göz önündədir. Cavablara şərh vermək niyyətində deyilik…

GÜNAY SÜLEYMANOVA

P.S.: Təşəbbüsə AFFA-nın da reaksiyasını öyrəndik. Qurumun mətbuat xidmətindən bizə bu cavab göndərildi: “AFFA olaraq bu məsələdə qərar verən tərəf biz deyilik. Bizim öhdəliyimiz yalnız maliyyə vəsaitini klubların hesabına köçürməkdir. Lakin AFFA olaraq klubların istənilən təşəbbüsünü dəstəkləməyə hazırıq”.

Shares: