“Qarabağ”ın ifasında möhtəşəm avrokubok mövsümü bizim üçün yekunlaşdı. Ağdam təmsilçisi tarixində ikinci dəfə Çempionlar Liqasının Liqa (qrup) mərhələsinə vəsiqə qazanmaqla kifayətlənmədi, pley-offa adlayaraq yeni tarix yazmağı da bacardı. Buna görə “Qarabağ”a, fantastik uğurun memarı olan Qurban Qurbanova böyük təşəkkür düşür.
Uzun illərdir inkişaf qrafiki cızan “köhlən atlar” bu mövsüm daha böyük təcrübə qazandılar. Real danışsaq, rəqibləri biləndən sonra çempionumuzun Liqa mərhələsindəki uğurlu çıxışına inam az idi. Ancaq “Qarabağ” səfərdə “Benfika”, Bakıda “Kopenhagen” və “Ayntraxt” kimi komandaları məğlub etməyi, “Çelsi”dən isə xal almağı bacardı, nəticədə 10 xal toplayaraq pley-offa adladı.
“Qarabağ”dan “Nyukasl” səddini keçməyi tələb edənlər də var idi. Halbuki reallıq başqadır. “Nyukasl”ın öz büdcəsi bir yana, bir futbolçusunun dəyəri “Qarabağ”ın ümumi büdcəsindən xeyli artıqdır. “Sağsağanlar” bizdən fərqli olaraq, dünyanın ən güclü liqası sayılan İngiltərə Premyer Liqasında çıxış edirlər. Bakıdakı qarşılaşmanın ilk hissəsi futbolçuların səviyyə fərqi arasında uçurumun olduğunu bariz şəkildə üzə çıxartmışdı. Qəbul etməliyik ki, “Nyukasl”ın üzvləri “Qarabağ”ın futbolçularından həm fiziki, həm texniki, həm də taktiki cəhətdən çox üstündürlər.
İlk oyunun ikinci hissəsində məcburən 5-li müdafiə sisteminə keçən Qurban Qurbanov bunun işə yaradığını gördüyündən, ingilislərlə cavab görüşündə 5-4-1 taktiki sxeminə üstünlük verdi. Təbii ki, doğru addım atdı. Düzdür, cavab oyununa da sürətli başlayan “Nyukasl” artıq 6-cı dəqiqədə 2 top fərqi ilə öndə idi və ilk yarının böyük hissəsində “Qarabağ”a hücum qurmağa imkan vermirdi. Buna rəğmən, dəqiqələr keçdikcə, daha dəqiq desək, ilk hissənin sonlarından “Qarabağ” öz oyununu tapmağı bacardı. İngiltərədəki matçın ikinci yarısını isə çempionumuz möhtəşəm keçirdi, rəqib qapısına iki dəfə yol tapdı, başqa kəsərli hücumları da oldu. Amma bütün bunlar cavab qarşılaşmasında da məğlubiyyətdən qaçmaq üçün yetərli olmadı.
“Qarabağ” “Nyukasl”a qarşı ənənəvi taktiki sxemi ilə oynadığı 1 hissəni 0:5 hesabı ilə geridə bitirdiyi halda, 5-li müdafiə sisteminə üz tutduğu 3 hissənin cəmində 3:4 hesabı ilə uduzdu (1:1, 0:2, 2:1). Bu mənzərə onu göstərir ki, Qurbanovun Bakıdakı görüşə də 5-li müdafiə sistemi ilə başlaması doğru olardı. Ancaq bunu da qəbul etməliyik ki, o halda “Qarabağ” ümumilikdə 3:9 hesabı ilə uduzmasa belə, yenə də “Nyukasl” səddini keçə bilməyəcəkdi. İstənilən halda, aradakı səviyyə fərqi cütün taleyini həll edəcəkdi.
Əslində, Qurbanovun Bakıdakı matça ənənəvi sistemi ilə başlamasını da anlamaq olur. Baş məşqçi bununla heç kimdən çəkinmədiyini göstərməkdən əlavə, “Liverpul”, “Nyukasl” kimi sürətli rəqiblərin önündə komandasının real gücünü bilmək istəyirdi. İnkişafın davamı üçün bu, çox önəmli məqamdır. Qurbanov “Qarabağ”ın nədə geri qaldığını, daha üst pilləyə adlamaq üçün hansı komponentləri inkişaf etdirməli olduğunu özü üçün tam aydınlaşdırdı.
“Qarabağ” Çempionlar Liqasında qapını möhkəm çırpmağı bacardı. Bu mövsüm ÇL-də, xüsusən də “Nyukasl”la oyunlarda qazanılan təcrübə gələcək uğurların, daha böyük nailiyyətlərin açarı olacaq! Lakin bunun reallaşması üçün daha keyfiyyətli futbolçuların alınması da labüddür.
AĞA






