“Qarabağ”ın Çempionlar Liqasında iştirak etmələri, o himni oxutdurmaları və bizə eşitdirmələri böyük şərəf idi. Onları təbrik edirəm. Ümid edirəm ki, gələn il də ardı gələr. Onu da deyim ki, bu, hər zaman təkrar olunacaq nəticə deyil. Gələn il də hər birimiz bunu gözləyəcəyik, amma olduqca çətin olacaq. İnanmıram ki, builki nəticəni yenidən təkrar etmək mümkün olsun”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.
60 yaşlı mütəxəssis “Qarabağ”ın UEFA Çempionlar Liqasında “Nyukasl”a (İngiltərə) iki oyunun nəticəsinə əsasən 3:9 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırmasına münasibət bildirib: “Düşünürəm ki, “Qarabağ” bu il Azərbaycan futbolunun indiki vəziyyətindən çox böyük addım atdı. Azərbaycan futbolunun səviyyəsi ilə “Qarabağ”ın səviyyəsi arasında böyük fərqi göstərdi. Həqiqətən bizim orada olmağımız, Çempionlar Liqasında Avropanın ən nəhəng klublarının sırasına düşmək, əvvəl ilk 36-lığa, sonra isə ilk 24-lüyə yüksəlmək sensasiyaya bərabər idi. Bu, futbolumuzun bugünkü durumu ilə müqayisədə tam fərqli bir mənzərə idi. Gözləntilər aydındır. Azarkeşlər klub mənsubiyyətindən asılı olmayaraq həmişə qələbə gözləyirlər. Ancaq reallıqlar var. Düşünürəm ki, biz reallıqlardan xeyli irəli getdik. Ola bilsin, “Qarabağ” azarkeşləri komandanın yaxşı nəticələrinə öyrəşdiyi üçün artıq daha yuxarı mərhələləri arzulayırdılar”.
Diniyev bunun bəxt amili ilə bağlı olmadığını da vurğulayıb: “Mən bunu bəxtsizliklə də əlaqələndirmirəm. Əgər “Qarabağ” “Ayntraxt”la oyunun son dəqiqələrində qol vurmasaydı, bu mərhələyə yüksəlməzdi. Bəlkə bir qədər bəxtimiz də gətirdi. Amma mən nə “Qarabağ”ın uğurunu, nə də uğursuzluğunu bəxtlə bağlamaq istəyirəm. Komanda həqiqətən layiqli futbol oynayaraq bu nəticəni qazandı. Azərbaycan futbolu və “Qarabağ” adına böyük sıçrayış etdilər. Olmazları etdilər. Doğrudan da “Qarabağ” rəhbərliyinə, məşqçilər heyətinə və futbolçularına gurultulu alqış düşür. Onlar reallıqdan çox irəli getdilər”.






