“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andradenin futbolinfo.az saytına müsahibəsi

–  Premyer Liqanın 23-cü turunda “Araz-Naxçıvan” üzərində 6:0 hesablı qələbə qazandınız. Matç barədə düşüncələrin necədir?

–  Düşünürəm ki, son oyun yaxşı keçdi. Çox qol vurmağımızdan əlavə, qapımızı da toxunulmaz saxladıq. Həmin oyunda yaxşı münasibət və yanaşma göstərdik. Baxmayaraq ki, bəzi səhvlərimiz də oldu və artıq “Zirə” ilə növbəti oyuna qədər onları yaxşılaşdırmaq üçün məşqlərdə işləyirik.

–  İki qol vurdun. Öz çıxışından razısan?

–  İki qol vurmağıma baxmayaraq, çıxışımdan tam razı deyiləm. Qollar həmişə komandanın qələbəyə daha yaxın olmasına kömək edir və futbolçunun özünəinamını artırır. Amma düşünürəm ki, oyunumu yaxşılaşdıra bilərəm.

–  Son zamanlarda yüksək səviyyədə oynamadığın barədə müzakirələr gedirdi. Bununla razısan?

–  Əslində, inkişaf etməli olduğumu yaxşı başa düşürəm. Bütün fikirlərə hörmətlə yanaşıram. Xarakterim elədir ki, öz oyunum barədə nələri yaxşılaşdırmalı olduğumu anlamaq üçün mütləq şərhləri oxumağa və ya müzakirələri dinləməyə ehtiyac duymuram. Mən özüm özümün ən böyük tənqidçisiyəm. Hətta insanlar yaxşı oynadığımı desələr belə, buna tam inanmıram və oyunumda həmişə yaxşılaşdırmalı olduğum bir çox məqam tapıram. Mənim üçün ən vacibi öz üzərimdə işləmək, bacarıqlarımı inkişaf etdirmək və məşqçimin dediklərinə qulaq asmaqdır.

– “Qarabağ” üçün Çempionlar Liqası başa çatdı. Sanki “Araz-Naxçıvan”la matçda komanda bu mövsüm ilk dəfə tam diqqətlə çempionat oyununa kökləndi. Bununla razılaşırsan?

– Həqiqət budur ki, Çempionlar Liqası olmadığı üçün oyunlar arasındakı istirahət müddəti komandanın qarşıdakı hər oyuna daha yaxşı hazırlaşmasına kömək edəcək. Amma əslində, sualla tam razı deyiləm. Düşünürəm ki, komandanın məsuliyyətli oyun nümayiş etdirdiyi daha çox matçlar olub. Çempionatda da artıq çox yaxşı nəticələr əldə etmişik.

– Çempionluq şansları barədə fikirlərin necədir?

– Çox güclü bir komandaya qarşı çempionluq uğrunda mübarizə aparırıq. Bilirik ki, çempion olmaq üçün ən yaxşı səviyyəmizdə olmalıyıq. Məqsədimiz hər oyundan 3 xal qazanmaqdır: oyunu udmaq, bərpa olunmaq, məşq etmək və yenidən növbəti oyunda 3 xalı qazanmağa çalışmaq… Düşünürəm ki, yanaşmamız oyun-oyun irəliləmək olacaq.

– “Sabah”la həm çempionluq, həm də kubok mübarizəsi olacaq. Bu, aranızda rəqabəti və prinsipiallığı artıracaq?

–  Aydındır ki, bir mövsüm ərzində eyni komandaya qarşı 5 oyun keçirmək rəqabəti daha da artırır. Düşünürəm ki, idman rəqabətinin olması və böyük futbol oyunlarının keçirilməsi futbol üçün yaxşıdır. Mən şəxsən “Sabah”a qarşı oyunlardan zövq alıram. Çünki inanıram ki, bu oyunlarda yaxşı futbol oynayan iki komanda üz-üzə gəlir. Bu matçları səbirsizliklə gözləyirəm.

FƏRİD

Shares: