Dünya praktikasında uşaq və yeniyetmələrin idmana cəlb edilməsi federasiyaların əsas prioritet istiqamətlərindən biri hesab olunur. Müasir idman idarəçiliyində qəbul olunmuş yanaşmaya görə yüksək səviyyəli idman nəticələri təsadüfən yaranmır, bunun üçün uzunmüddətli, planlı və sistemli hazırlıq prosesi lazımdır. Bu səbəbdən bir çox beynəlxalq və milli federasiyalar fəaliyyətlərinin mühüm hissəsini məhz uşaq və yeniyetmələrlə bağlı proqramların hazırlanmasına yönəldirlər. Bu siyasətin əsas məqsədi həm sağlam həyat tərzinin təşviqi, həm də gələcək elit idmançıların formalaşdırılmasıdır.
Beynəlxalq səviyyədə bu istiqamətdə əsas prinsiplərdən biri uşaq idmanının nəticə deyil, inkişaf yönümlü olmasıdır. Məsələn, Beynəlxalq Olimpiya Komitəsi uşaq və yeniyetmələrlə bağlı proqramlarında erkən yaşlarda yüksək nəticə təzyiqindən uzaq durmağı tövsiyə edir. Olimpiya hərəkatının strategiyasında əsas məqsəd uşaqların idmandan zövq alması, fiziki inkişafı və sosial bacarıqlarının formalaşmasıdır. Bu yanaşmaya görə 6-12 yaş mərhələsi əsasən ümumi fiziki hazırlığa, koordinasiya bacarıqlarının inkişafına və müxtəlif idman növlərinin öyrənilməsinə həsr olunur. Erkən ixtisaslaşma isə bir çox hallarda zədələrə və psixoloji yorğunluğa səbəb ola bildiyi üçün ehtiyatla tətbiq edilir.

Futbol dünyasında uşaq və yeniyetmə siyasəti ən geniş və sistemli şəkildə qurulmuş sahələrdən biridir. FIFA və UEFA uzun illərdir ki, gənc futbolçuların hazırlanması üçün vahid standartlar müəyyənləşdirir. Məsələn, UEFA-nın “Grassroots” proqramı uşaqların futbol vasitəsilə fiziki aktivliyə cəlb edilməsini hədəfləyir. Bu proqram çərçivəsində Avropa ölkələrində minlərlə məktəb və yerli klubda kütləvi futbol tədbirləri keçirilir. Məqsəd yalnız peşəkar futbolçu yetişdirmək deyil, eyni zamanda futbolu cəmiyyət üçün sosial platformaya çevirməkdir. Bu sistemdə məşqçilərin xüsusi təlim keçməsi də vacib sayılır, çünki uşaq futbolunda məşqçi pedaqoji yanaşmanı bilməlidir.
Avropanın aparıcı futbol ölkələrində federasiyalar uşaq akademiyaları sistemini inkişaf etdiriblər. Almaniyada futbol federasiyası ölkə üzrə yüzlərlə regional məşq mərkəzi yaradıb və burada minlərlə uşaq sistemli şəkildə izlənilir. İspaniyada isə klubların akademiyaları federasiya ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Bu modeldə uşaqlar həm məktəb təhsili alır, həm də peşəkar məşq proqramı üzrə inkişaf edirlər. Bu yanaşma idmanla təhsilin paralel aparılmasını təmin edir.
Basketbolda da oxşar model tətbiq olunur. Məsələn, Milli Basketbol Assosiasiyası (NBA) dünyada gənclər basketbolunun inkişafı üçün “Jr. NBA” proqramını həyata keçirir. Bu layihə yüzlərlə ölkədə məktəblər və federasiyalarla birlikdə təşkil edilir və milyonlarla uşağın basketbolla tanış olmasına imkan yaradır.
Ölkəmiz də bu proqramdan yararlanıb. Məsələn, “Sabah” klubuna məxsus olan Hüseyn Qaflanov bu proqramdan yararlanaraq Litva və İspaniyada təlimlərə qatılıb. Burada proqramın əsas prinsipləri oyun vasitəsilə öyrənmə, komanda ruhunun formalaşdırılması və sağlam həyat tərzinin təşviqidir.

Beynəlxalq federasiyalar uşaq idmanında təhlükəsizlik məsələsinə də xüsusi diqqət yetirirlər. Son illərdə bir çox təşkilatlar uşaqların hüquqlarının qorunması, psixoloji təzyiqin qarşısının alınması və zorakılığın aradan qaldırılması üçün xüsusi qaydalar qəbul ediblər. Bu istiqamətdə beynəlxalq idman strukturları məşqçilər və idman təşkilatları üçün etik kodekslər hazırlayıb və uşaqlarla işləyən mütəxəssislərin sertifikatlaşdırılması sistemini tətbiq edir.
Dünya praktikasında federasiyaların uşaq və yeniyetmə siyasətinin mühüm elementlərindən biri də idmanın məktəblərlə inteqrasiyasıdır. Bir çox ölkələrdə federasiyalar təhsil sisteminin ayrılmaz tərəfdaşı kimi fəaliyyət göstərir. ABŞ, Kanada, Avstraliya və Avropa ölkələrində məktəb liqaları gənc idmançıların inkişafında əsas rol oynayır. Bu model uşaqların həm akademik təhsilini davam etdirməsinə, həm də müntəzəm idman fəaliyyəti ilə məşğul olmasına imkan yaradır.
Ümumilikdə dünya təcrübəsi göstərir ki, uğurlu idman sistemi uşaq və yeniyetmələrlə aparılan işdən başlayır. Federasiyalar yarışların təşkilatçılığı ilə yanaşı, həm də gələcək nəsil idmançıların formalaşmasına cavabdeh olan institutlar kimi çıxış edirlər. Uzunmüddətli strategiya, düzgün məşq metodikası, təhsil ilə idmanın balansı və uşaqların sağlam inkişafına yönəlmiş yanaşma müasir idman idarəçiliyinin əsas prinsipləri hesab olunur. Bu prinsiplər tətbiq olunduğu halda həm kütləvi idmanın inkişafı təmin edilir, həm də gələcəkdə beynəlxalq arenada uğur qazanacaq peşəkar idmançıların yetişməsi üçün möhkəm baza formalaşır.
Azərbaycanda da müxtəlif federasiyalar yeniyetmələrin idmana təşviqi ilə bağlı layihələr həyata keçirir. Təbii ki, bunların hamısı effektli olmur. Yalnız fərdi, daha doğrusu döyüş idman növləri və bir qədər də şahmatda müsbət nəticələrimiz var. Komanda yarışlarında isə federasiyaların gördükləri işlər hələ ki öz effektini vermir. Təbii ki, bəzi idman növlərində, xüsusən də basketbol və voleybolda istək göz qabağındadır. Amma hələ görüləsi çox işlər var…
TAHİR MİRZƏ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu






