“Açıq desək, biz də hələ yüksək səviyyədə çıxış etmirik. Rəqiblə bərabər səviyyədə komandayıq. Buna baxmayaraq, qələbə qazanmaq motivasiyamızı yüksəldəcək. Taktiki gedişləri Ayxan Abbasov müəyyənləşdirir. Növbəti toplanışda hansı futbolçuların çağırılacağı, kimlərin isə seçilməyəcəyi də bu oyunlarda dəqiqləşdiriləcək”. Bunu futbolinfo.az saytına açıqlamasında Əfran İsmayılov bildirib.

Millimizin sabiq üzvü bu gün keçiriləcək Azərbaycan – Sent Lusiya oyunu ilə bağlı fikirlərini belə bölüşüb: “Bu tip oyunlar həm formal, həm də yoxlama xarakteri daşıyır və təcrübə toplamaq baxımından faydalıdır. Ayxan Abbasov futbolçuların hazırkı durumunu yoxlayıb, onları ələkdən keçirməlidir. Əsas hədəf Millətlər Liqasının C qrupuna yüksəlməkdir. Bu oyunlar komandanın tədricən formalaşdığını göstərəcək və belə oyunlar hazırlıq üçün vacibdir. Əlimizdə olan futbolçu sayı məhduddur, ona görə oyun quruculuğuna diqqət yetirib, nəticə qazanaraq prosesi tamamlamalıyıq. Millimizə uğurlar arzulayıram”.

İsmayılov bu qələbələrin aşağı yaş qruplarına olan təsirini də vurğulayıb: “Böyükhesablı qələbə qazanmaq sevincli olar. Hər qol əlavə motivasiyadır və ruh yüksəkliyini artırır. Ona görə bacardığımız qədər çox qol vurmalıyıq. Bu, uzunmüddətli inkişaf strategiyasına təsir göstərə bilər. Eyni zamanda, aşağı yaş qruplarına diqqət yetirmək vacibdir. Uşaqları üzə çıxarmalıyıq ki, çempionatımızda və milli komandada seçim imkanları artsın. Nə qədər çox qələbə qazansaq, akademiyalara o qədər fikir veriləcək. Struktur dəyişməli, stadionlarımız çoxalmalı və akademiyalara diqqət artırılmalıdır. Bu sayədə yeni futbolçular üzə çıxacaq”.

GÜNAY SÜLEYMANOVA

Shares: