21 yaşadək futbolçulardan ibarət Bolqarıstan millisinin kapitanı Asen Mitkov AVRO-2027-nin seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirilən oyunla bağlı fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, “Levski”nin yarımmüdafiəçisi Plovdivdə keçirilən B qrupunun matçında qeydə alınan qolsuz bərabərliyi dəyərləndirib.

Mitkov ölkəsinin mətbuatına açıqlamasında bəxtsizlikdən gileylənib: “Xüsusən də görüşün sonlarında yaxşı imkanlar yaratdıq. Təəssüf ki, onları qola çevirə bilmədik. Yəqin ki, bu, ustalıq səviyyəsinin yetəri səviyyədə olmamasından qaynaqlanır. İkinci hissədəki çıxışımız daha yaxşı alındı. Fikrimcə, biz qələbəyə daha çox layiq idik. Düzdür, heyətdə itkilər var idi. Amma bu, qalib gəlməməyə səbəb olmamalıdır”.

Qeyd edək ki, hazırda Bolqarıstan 11 xalla 4-cü, Azərbaycan isə 6 xalla 5-ci pillədə qərarlaşır.

Shares: