“Həmişə daha yaxşısını etmək istəyirəm. Performansım pis deyil, amma tam razı da deyiləm. Hər oyunda inkişaf etməyə çalışıram və düşünürəm ki, potensialım daha çoxdur. Amma hazırda əsas məqsədim komandamla birlikdə turnir cədvəlində yuxarı pillələrdə yer almaqdır. Bunun üçün komandaya maksimum fayda verməyə çalışıram”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Səbail”in futbolçusu Səbayıl Bağırov deyib.
O, “Baku Sportinq” üzərində qazanılan 1:0 hesablı qələbəni belə şərh edib:
“Əvvəlki oyunlarda bəlkə də son nöqtəni qoymaqda çətinlik çəkirdik. Bu dəfə isə daha inamlı və istəkli idik. Komanda olaraq həm taktiki, həm də fiziki baxımdan daha hazır idik və bu da nəticədə fərqi yaratdı. Rəqib kifayət qədər intizamlı və sürətli oynayırdı. Xüsusilə keçidlərdə təhlükəli idilər və bu bizi müəyyən anlarda çətin vəziyyətə saldı. Amma ümumilikdə oyuna nəzarəti itirməməyə çalışdıq. Bu qələbə bizim üçün çox önəmlidir. Turnir cədvəlində vəziyyət sıxdır və hər xal dəyərlidir. Düşünürəm ki, bu nəticə komandaya əlavə motivasiya verəcək. Amma hələ uzun yol var, hər oyuna final kimi yanaşmalıyıq”.
Oyunda yeganə qolun müəllifi olan Səbayıl Bağırov epizodu belə xatırlayıb:
“Açığı, epizod çox sürətli inkişaf etdi. Topu qəbul edəndə artıq qərarı əvvəlcədən vermişdim – zərbə vurmalıyam. Müdafiəçilərin yerləşməsini və qapıçının mövqeyini tez qiymətləndirdim, risk etdim və şükür ki, düzgün qərar oldu. Belə oyunlarda bir anlıq düzgün seçim hər şeyi həll edir”.
Sonda isə o, penalti epizodu və texniki zonada göstərilən qırmızı vərəqənin komandaya təsirindən danışıb: “Belə hallar təbii ki, psixoloji təsir edir. Amma biz çalışdıq ki, emosiyalara qapılmayaq. Əksinə, bu hadisələr bizi daha da motivasiya etdi, daha sıx birləşdik və meydanda daha çox mübarizə apardıq. Baş məşqçinin meydandan kənarlaşdırılması əlbəttə ki, asan vəziyyət deyil. Amma biz peşəkar futbolçularıq və belə hallarda məsuliyyəti öz üzərimizə götürməliyik. Meydanda bir-birimizə daha çox dəstək olduq və verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışdıq”.
GÜNAY SÜLEYMANOVA





