AFFA növbəti ilin hesabatını verdi. Rəqəmlər, görülən işlər, planlar, vədlər – üzərində dayanılacaq çox məsələ var. Lakin Hesabat Konfransında səslənən fikirlərin, göstərilən rəqəmlərin oxşarını illərdir müçahidə edirik. Belə tədbirlər adətən bir-birini təkrarlayır, epizodik yeniliklər olur.
Fərq ondadır ki, AFFA-nın keçmiş rəhbərliyindən fərqli olaraq, indikilər daha şəffaf işləməyə çalışır. Rəqəmlərdə dürüstlük daha çoxdur. Məsələn, Elxan Məmmədovun zamanında “Digər xərclər” bölümündə indikindən bir neçə dəfə çox məbləğ gizlədilir, açıqlaması verilmirdi. Büdcələr arasında da çox kəskin fərq yoxdur. Fernandu Santuşa ödənilən təzminat olmasaydı, bəlkə milli komandalara xərclənən maliyyə bu qədər çox olmazdı.
Konfransın ümumi gedişatı göstərdi ki, AFFA-nın indiki rəhbərliyi ötən iki ili daha çox sələflərinin yaratdığı, illərlə qalaqlanan problemləri öyrənməyə, onları imkan daxilində “təmizləməyə” sərf edib. Artıq kadr islahatları da reallaşır və yeni strategiya, yeni hədəflər müəyyənləşir. Bu müddəti daha çox keçid dövrü hesab etmək olar.
Məni daha çox təəccübləəndirən Rövşən Nəcəf oldu. AFFA prezidenti tutduğu postun haqqını verir. Seçildiyi ilk vaxtlar futbolda naşılığı hiss olunurdusa, artıq vəziyyətə tam hakimdir. Bütün addımlarının yerində olduğunu demək üçün tezdir, amma proseslərə reaksiyası, adekvatlığı əladır. Xüsusilə mətbuat konfransında verdiyi cavablar vəziyyəti idarəetmə qabiliyyətini göstərdi. O, diplomatik cavabları ilə həm proseslərdən xəbərdar olduğunu göstərdi, həm də ciddi mesajlar verdi. Hakimlik, milli komanda, PFL, klublar – demək olar, bütün mövzularda həm olay yaradacaq açıqlamalardan yayındı, həm də baş verəcəkləri özünəməxsus üslubda təsdiqlədi.
Amma bugünkü tədbir AFFA-nın nisbətən rahat olduğu sonuncu Konfrans idi. Artıq hədəflər müəyyənləşib, real addımların atılmasının vaxtıdır. Yəqin ki, növbəti il seçilən hədəflərə doğru nə qədər yol gedildiyi barədə müzakirələr aktual olacaq.
FƏRİD






