“Karvan-Yevlax”ın sabiq yarımmüdafiəçisi Vitor Roşanın futbolinfo.az saytına müsahibəsi

– “Karvan-Yevlax”dakı karyeranız niyə cəmi 6 ay çəkdi?

– Düzünü desəm, hər şey lap əvvəldən pis getdi. İlk yoldaşlıq oyununda əlimi sındırdım, sıraya dönəndə isə komanda yaxşı nəticələr və oyun göstərmirdi. Komandanın oyun üslubu da əslində mənə heç uyğun gəlmirdi. Bəzən belə olur, hər şey həmişə istədiyimiz kimi getmir.

– Bugünlərdə İslandiyanın “Vestmannayyar” klubu ilə müqavilə imzaladınız. Başqa təklifləriniz də var idi? Niyə məhz İslandiyaya yollanmağı üstün tutdunuz?

– Başqa təkliflərim də var idi, amma mən İslandiyanı seçdim. Bu, çox keyfiyyətli bir liqadır və ölkə də möhtəşəmdir.

– Bəs Azərbaycan liqası ilə bağlı fikirləriniz necədir? Bizim çempionat digər liqalardan nə ilə fərqlənir? Müsbət və mənfi tərəfləri hansılardır?

– Azərbaycan çox yaxşı liqaya malikdir, çempionatınızda “Sabah” və “Qarabağ” kimi olduqca güclü komandalar çıxış edir. Onlar asanlıqla Çempionlar Liqası və ya Avropa Liqası səviyyəsində rəqabət apara bilərlər. Məncə, liqada daha çox balans olsa yaxşıdır. Hazırda ilk dörd komanda ilə digərləri arasında böyük fərq var.

– Hesabat turunda “Qarabağ”a 0:7 hesabı ilə uduzan “Karvan-Yevlax” uzun müddətdir ki, turnir cədvəlində sonuncu yerdədir. Uğursuz performansın əsas səbəbləri nələrdir? Sizcə, komandada nə çatışmır?

– Məncə, “Karvan-Yevlax” yüksək liqada oynamağa hazır deyildi. Düzdür, ən yaxşı azarkeşlərə sahib komandalardan biridir, amma klubun strukturu heç də kömək etmir. Klub daxilində futbolu anlayan daha çox insanın olması lazımdır. Sonda əziyyəti oyunçular çəkir, çünki onlar əvvəldən əllərindən gələni etməyə çalışırlar. Amma belə şəraitdə bu, çox çətindir.

– Sanki “Karvan-Yevlax”da oynadığınız üçün peşmansınız…

– Xeyr, “Karvan-Yevlax”la yolum kəsişdiyinə görə peşman deyiləm. Bu, mənim üçün bir öyrənmə təcrübəsi oldu. Kluba hər şeyin ən yaxşısını arzulayıram. Ümid edirəm ki, vəziyyəti düzəldə biləcəklər.

– “Karvan-Yevlax”da çıxış edən həmyerliniz Pedro Mateuş cari mövsümdə xeyli sayda qurtarış edib. Onu yayda yanınıza aparmağa cəhd edəcəksiniz? Aranızda belə danışıq olub?

– Pedro ilə aramızda çox yaxşı dostluq yarandı. Açığını desəm, mənə görə o, Azərbaycan çempionatının ən yaxşı qapıçılarından biridir. Fikrimcə, Mateuşun özünə daha yaxşı bir klub tapması çətin olmayacaq.

FƏRİD

Shares: