“Neftçi” avrokuboka bir az da yaxşınlaşdı. Əsas rəqiblərindən ikisi uduzdu, ikisi xal böldü. Bu qədər əla ssenarini bakılılar yalnız arzulaya bilərdi.

“Turan Tovuz” Qubada xal itirməklə vəziyyətini pisləşdirmişdi. “İmişli” ilə oyunda qələbəyə layiq olmayan qərblilər heç-heçə sayəsində əsas rəqib olan “Zirə”yə yaxınlaşmaq imkanı vermişdi. Amma bu matçdan həmən sonra meydana çıxan qəsəbə təmsilçisi şansı boşa verdi. “Şamaxı” ilə oyunda azlıqda qalan rəqib üzərində üstünlük quran Rəşad Sadıqovun yetirmələri son dəqiqələrdə şok yaşadı. İtirəcək bir şeyi qalmayan qonaqlar hücuma atılınca istəyinə çatdı. Qolu gənclərin və əsas heyətə az düşən oyunçuların təşkil etməsi “Şamaxı”nın gücünün komanda ruhunda olduğunu göstərdi.

Bu nəticə ilə “Sumqayıt”a bir az da yaxınlaşan “Şamaxı” “Zirə”nin problemlərini də bir daha ortaya qoydu. “Qartallar” ötən mövsüm tovuzluların etdiyi səhvləri təkrarlayır. Finişə doğru yersiz büdrəmələr həddindən artıq çoxalıb və bu, avrokuboka vəsiqə bahasına başa gələ bilər. Düzdür, matç ərzində meydan sahiblərnin bir neçə real şansı oldu, amma tablodakı nəticə tam başqadır.

Bu nəticə turu qalib başa vuran “Neftçi”ni ümidləndirib. Lakin bakılılar yəqin ki, yalnız 4-cü pillə uğrunda mübarizə apara biləcək. Hər nə qədər riyazi şans qalsa da, “Turan Tovuz”u ötmək çətin görünür. Əsas odur ilk dördlükdə yer almaq mübarizəsi xeyli gərginləşib. Və bunda digər komandaların da rolu var. Reqlamentin dəyişməsi, 11-ci yeri tutan komandanın pley-off oynayacaq olması aşağı pillələrdəki komandaların yarışdan qopmamasını təmin edir. Onlar özünü xilas etmək üçün belə sürprizlərə imza atır.

“Karvan-Yevlax”ın durumu bəllidir. Bu tur “Qarabağ” önündəki darmadağından sonra bölgə təmsilçsi Premyer Liqada qalmaq ümidini tamamilə itirdi. “Qəbələ”nin qələbəsi, “Kəpəz”in də uzaqda olması Füzuli Məmmədovun yetirmələrini indidən I Liqa barədə düşünməyə vadar edir. “İmişli” isə qələbə qazanmasa da, heç-heçələrlə xoşagəlməz sonluqdan qurtulmağa çalışır.

“Sumqayıt” kimi “Araz-Naxçıvan” da məğlubiyyətlə “Neftçi”in çörəyinə yağ çəkdi. Bakılılar gərgin təqvimdə üdrəməsə, bu komandaları özündən irəli buraxmayacaq. Üstəlik, dünənki matç göstərdi ki, “Sabah”a iki qol vurmasına rəğmən, muxtar respublika təmsilçisi avrokuboka yollanmağa layiq deyil. Komanda yeni baş məşqçi ilə müsbət dəyişikliyə nail olmayıb. Əvəzində “Sabah”ın daha bir əngəli əzmkarlıqla aşması qeyd olunmalıdır. Valdas Dambrauskasın yetirmələri “Qarabağ”la xal fərqini qoruduqca çempionluq xəyalları gerçəyə çevrilməyə daha da yaxınlaşır.

Növbəti tur həm autsayderlərin duelləri ilə əlamətdar olacaq, həm də avrokuboka yollanmaq istəyənlər vacib matçlara çıxacaq. Xüsusilə “Zirə” üçün “Sabah”la görüş önəmlidir. “Qartallar” rəqibinin uğurlu seriyasını dayandıra bilməsə, öz şanslarını xeyli azaldacaq. Çünki sonrakı həftə avrokuboka vəsiqə uğrunda mübarizədə daha bir birbaşa rəqib olan “Neftçi” ilə şəxsi duel var.

FƏRİD

Shares: