Misli Premyer Liqasının 26-cı turunda qapılara ümumilikdə 23 qol vuruldu. Tur daha çox qonaqlar üçün düşərli oldu. Belə ki, səfərdə oynayan 6 komandadan üçü meydanı qələbə, ikisi isə 1 xalla tərk etdi. Qonaqlardan ancaq “Karvan-Yevlax” turu xalsız bitirdi.

Turun qələbəsi

Autsayderlərin duelində kimin qalib gələcəyi maraq doğururdu. “Qəbələ”ni qəbul edən “Kəpəz”in qalib gəlmək şansı daha çox görünürdü. Çünki Azər Bağırovun yetirmələri milli fasilədən öncəki son 4 turda uğurlu nəticələrə imza atmışdılar. Ancaq “Qəbələ” həlledici sınaqdan üzüağ çıxmağı bacardı. Matçı ümumilikdə yaxşı keçirən “qırmızı-qaralar” İsmael Akinade və Domi Massumonun oyunun sonlarında vurduğu qollarla vacib qələbə qazandılar. Bu qalibiyyət sayəsində “Qəbələ” sonuncu pillədən bir qədər də uzaqlaşdı, 10-cu pillə ilə aradakı xal fərqini isə 2-yə endirdi.

Turun darmadağını

Turun ən böyükhesablı qələbəsinə “Qarabağ” imza atdı. Ağdam klubu sonuncu pillənin sakini “Karvan-Yevlax”ı “qol yağışına” tutdu. Füzuli Məmmədovun yetirmələri Bakıya gəlməyə peşman oldular. İlk hissədə 4, ikinci yarıda isə 3 qol vuran “Qarabağ” yekunda 7:0 hesablı qələbəni bayram etdi. Bu, təkcə cari mövsümdə deyil, son 4 sezonda qeydə alınan ən böyük fərqdir.

Turun komandası

Qeydə alınan nəticələrdən sonra turnir cədvəlində irəliləyən yeganə komanda “Neftçi” oldu. Sumqayıt səfərindən qalib ayrılan “ağ-qaralar” “Araz-Naxçıvan”ın məğlubiyyətindən maksimum faydalandılar. “Neftçi” Naxçıvan klubunu qabaqlayaraq turnir cədvəlində 5-ci pilləyə yüksəldi və avrokuboklara vəsiqə qazanmaq istəyini sonadək davam etdirəcəyini bir daha təsdiqləmiş oldu.

Turun məşqçisi

Zirə səfəri “Şamaxı” üçün çox çətin alındı. 53-cü dəqiqədə Dioqo Balaunun qırmızı vərəqə alması azmış kimi, 69-cu dəqiqədə qonaqlar hesabda geriyə düşdülər. Amma bölgə təmsilçisi 10 nəfərlə qala-qala hakimin final fitinədək məğlubiyyətdən xilas olmağı bacardı. Bunda isə komandanın baş məşqçisi Ayxan Abbasovun oyuna müdaxiləsi mühüm rol oynadı. Belə ki, o, 70-ci dəqiqədə Andrey Tirkoveanunun əvəzinə Edqar Adilxanovu meydana buraxdı və bu dəyişiklik özünü doğrultdu. Məhz Edqar 90+2-ci dəqiqədə fərqlənərək “Şamaxı”ya 1 xal qazandırdı.

Turun futbolçusu

Bu ada “Qarabağ”ın hücumçusu Kamilo Duranı layiq bildik. Kolumbiyalı forvard nəinki “Karvan-Yevlax”la matçın, ümumilikdə turun ən yaxşısı idi. Aktivinə 3 qol və 1 assist yazdıran Duran komandasının 7:0 hesablı qələbəsində mühüm rol oynadı.

Turun qapıçısı

“Qəbələ”nin qapıçısı Səlahət Ağayev “Kəpəz”lə matçda özünü yaxşı tərəfdən göstərməyi bacardı. Həm ilk, həm də ikinci hissədə səhvsiz oynayan təcrübəli qolkiper 4-5 epizodda komandasını qoldan xilas etdi və “qırmızı-qaralar”ın 2:0 hesablı səfər qələbəsində əsas pay sahiblərindən biri oldu.

Turun qolu

Turun ən baxımlı qoluna “Sumqayıt”ın futbolçusu Nikola Ninkoviç imza atdı. Serbiyalı yarımmüdafiəçi 53-cü dəqiqədə cərimə zərbəsindən topu birbaşa qapıya göndərdi. Onun uzaq “doqquzluğa” endirdiyi zərbə qarşısında “Neftçi”nin qapıçısı Kenan Piriç aciz qaldı.

Turun antiqəhrəmanı

Bu adı iki nəfər “haqq edir”. Biri “İmişli”nin futbolçusu Ronaldo de Souzadır, digəri isə “Zirə”nin kapitanı Ruan Renato. Hər ikisi öz komandasının turu qələbəsiz bitirməsinin səbəbkarıdır. Belə ki, Ronaldo “Turan Tovuz”la matçda (1:1) hesabda öndə olduqları məqamda avtoqol müəllifi oldu. Renato isə “Şamaxı” ilə qarşılaşmada (1:1) penaltini qola çevirmək fürsətini əldən qaçırdı. Onun zərbəsindən sonra top qapı dirəyinə tuş gəldi.

CAVAD

Shares: