Son oyunlarda məhz “Zirə”nin oyunlarında hakim səhvlərinin çoxalması təsadüfdürmü? “Turan Tovuz”la kubok oyununda qəsəbə təmsilçisinin lehinə qərarlar verildi, “Şamaxı” ilə son çempionat matçında qonaqları narazı salan epizodlar oldu.
“Zirə” sanki bilərəkdən hədəfə gətirilir. Bu komandaya nifrət ruhu formalaşdırılır, baş məşqçis Rəşad Sadıqovun imicinə xələl gətirilməsi cəhdi var. Yoxsa ki, illərdir “qartallar”ın başına hər cür oyun açan Elçin Məsiyev, Cavid Cəlilov, İnqilab Məmmədov və başqa hakimlər birdən-birə bu komandanı niyə bu qədər “əzizləsin” ki?
Deyəsən, AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun idarə etdiyi dəstə taktikanı dəyişib. Əvvəlki mövsümlərdə “Araz-Naxçıvan”, “Sumqayıt” sözügedən hakim dəstəsinin sayəsində irəli çəkilirdisə, bu niyyət ifşa olundu. Artıq bu komandalara dəstək vermək olmur, ictimai qınaqla üzləşirlər. İndi “dəstə” B planını işə salıb. Daha dostların komandalarına aşkar dəstək verilmir, əvəzində xaos yaratmaq üçün başqa komandalar üz-üzə qoyulur.
Avrokuboka iddialı olan, amma hələ heç nəyi həll etməyən “Zirə” ilə görüşlərdə əsas rəqiblərinin əleyhinə qərarlar verilir və yəqin ki, qarşıdakı turlarda da bunu görəcəyik. Ehtiram Quliyev yersiz emosionallıqla etiraz bildrdi, qarşıdakı həftələrdə başqa danışanlar da olacaq. Hakimlər qəsəbə təmsilçisinin “Sabah”, “Neftçi”, “İmişli” və ya “Qəbələ” lə matçlarında bilərəkdən səhvlər edə bilərlər. Sözügedən klublarda danışmağa, hakimləri tənqid etməyə meylli insanlar var. Məqsəd də elə budur – həm “Zirə”nin imicini korlayırlar, həm də xaos yaradırlar.
Təbii ki, bunun qarşısını almaq mümkündür. Amma AFFA hakimlərə heç cür nəzarəti ələ ala bilmir. Çünki komitələrdə, hətta rəhbər postlarda Elxan Məmmədovun adamları yuvalanıb, onlar baş katib Cahangir Fərəcullayevi mühasirəyə alıb, icraçı vitse-prezident Sərxan Hacıyevin ətrafında dolaşır. Həm xaos yaradırlar, həm də sözügedən iki şəxsi bir-birinə qarşı qoyub idarəçiliyi iflic edirlər.
Köhnə rəhbərlik çox şeyi əldən verib, lakin hələ də ara qarışdırmaq, indiki rəhbərliyi nüfuzdan salmaq üçün rıçaqları var. Müxtəlif vasitələrlə buna cəhd edirlər. Hakimlər Komitəsi isə hazırda AFFA-da ən zəif bənddir. Rəhbərlər dəyişsə də, hakim komandası eynidir və onların ən təcrübəliləri kənardan idarə olunur. Onların niyyəti “Zirə”yə kömək etmək deyil, ən kritik məqamda bu komandanı da devirəcəklər. Son səhvlər isə sadəcə onların rəqiblərini qızışdırmaq, başıpozuqluq yaratmaq cəhdidir.

Ağıllı klub rəhbərləri bu tələyə düşməməli, AFFA rəhbərliyi isə daha diqqətli davranmalıdır. Xoşagəlməz presedentlərin yaranmasına da imkan vermək olmaz. “Turan Tovuz”un rəhbəri Ehtiram Quliyev kubokun ilk yarımfinal oyunlarındakı hakim səhvlərini qabartmaqda haqlı idi. Lakin o, etirazını qeyri-etik ifadələrlə çatdırdı, sərhədləri aşdı. Məhz buna görə də İntizam Komitəsinin bugünkü iclasında cəzasını almalıdır. Etirazın daha svil yolları var, dini baxışlarına görə kiməsə rişxənd etmək, azarkeşləri üsyana səsləmək yolverilməzdir. Sabah tovuzlu azarkeşlər stadionda insident törətsə, bunun günahkarı Quliyev olacaq. Oa görə də başqalarına da görk olsun deyə Ehtiram bəy mütləq layiq olduğu cəzanı almalıdır.
“Turan Tovuz” – “Zirə” oyununda baş verənlər qonaqların yox, kənar qüvvələrin təsiri ilə yaşandı. Qəsəbə təmsilçisinə də belə qələbə lazım deyil. Vaxtilə oxşar zərbələri çox aldıqları üçün “qartallar” belə kobud səhvlərin necə psixoloji zərbə olduğunu gözəl bilir. Amma diqqətli olmaqda fayda var. Elxan Məmmədovun əlaltılarının niyyətini anlamaq, onların məqsədinə çatmasının qarşısını almaq lazımdır.
FƏRİD






