“Sabah”ın hücumçusu Coy-Lens Mikels Misli Premyer Liqasının 2025-26 mövsümündə penaltidən ən çox qol vuran futbolçu ünvanını ələ keçirib.

Futbolinfo.az saytının məlumatına görə, almaniyalı futbolçu 26-cı turda “Araz-Naxçıvan”la səfər oyununda iki dəfə onbirmetrlik zərbəni dəqiq yerinə yetirməklə buna nail olub.

Mikels millimizin futbolçuları Toral Bayramov və Emin Mahmudovu qabaqlayıb. Toral “Qarabağ”ın, Emin isə “Neftçi”nin heyətində yerinə yetirdiyi 4 penaltinin hər birini qolla tamamlayıb. Coy-Lens Mikels isə penalti qolunun sayını 5-ə çatdırıb.

Düzdür, Mikels cari mövsüm ağ nöqtə arxasına 5 dəfə keçən ilk oyunçu deyil. “Sumqayıt”ın hücumçusu Aleksandr Ramalinqom da bu sayda zərbə vurub. Lakin fransalı forvard həmin imkanlardan yalnız 2-də rəqib qapıçısını məyus etməyi bacarıb. Maraqlıdır ki, “Sabah”ın qolçusu “Araz-Naxçıvan”la 9-cu tur matçında da penaltidən bir dəfə fərqlənmişdi.

“Zirə”nin müdafiəçisi Ruan Renatonun da aktivində 4 penalti var. Lakin o, bir vəziyyətdə qol vura bilməyib.

Digər diqqətçəkən məqam “Sabah”ın ən çox penalti yerinə yetirən komanda ünvanını ələ keçirməsidir. Coy-Lens Mikelsin dublu sayəsində qəsəbə təmsilçisi cari mövsümdə qazandığı penalti sayını 8-ə yüksəldib. Komanda bununla “Qarabağ” və “Sumqayıt”ı qabaqlayıb. “Sabah” kimi, “Qarabağ” da qazandığı bütün onbirmetrlik zərbələri qolla yekunlaşdıra bilib. Lakin “Sumqayıt”ın oyunçuları 4 dəfə fərqlənə bilməyiblər.

Qeyd edək ki, “Sabah” ötən tur “Araz-Naxçıvan”ı səfərdə 4:2 hesabı ilə məğlub edib.

Shares: