“Hakimlik qaydalarında boşluqlar var. Həmişə də o boşluqlardan istifadə edirlər. Ona görə danışmağın mənası yoxdur. Çətindir, belə mübarizə aparmaq çox çətindir. Bilmirəm nə deyim”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Azərbaycan I Liqasında mübarizə aparan “Səbail”in baş məşqçisi Adil Şükürov deyib.
Mütəxəssis XXI turda çempionluq yolunda əsas rəqiblərindən biri olan “Şəfa”ya 1:2 hesabı ilə məğlub olduqları görüşdən danışıb. Baş məşqçi xüsusən də Fərid Hacıyevin qərarları ilə bağlı narazılığını dilə gətirib: “Hakim qərarlarının komandaya çox böyük təsiri var. Bu oyunda da öz təsirini göstərdi. Biz əziyyət çəkib komandanı oyuna hazırlayırıq, verilən qərarlardan isə elə fikir formalaşır ki, guya biz komandanı yaxşı hazırlamamışıq”.





