“İmişli”nin qapıçısı Hüseynəli Quliyevin futbolinfo.az saytına müsahibəsi

– “Turan Tovuzla” matçda (1:1) hesabı açan tərəf olsanız da, üstünlüyünüzü sonadək qoruya bilmədiniz…

– “Turan Tovuz”la görüşdə qol vurduq və hesabı qorumaq üçün əlimizdən gələni etdik, amma alınmadı. Rəqibimiz turnir cədvəlində 3-cü pillədə qərarlaşan komandadır. Düşünürəm ki, heç-heçə də bizim üçün pis nəticə deyil.

– Bu oyuna qədər “İmişli” uzun müddət idi ki, qol vura bilmirdi, nəhayət, tilsimi qırdınız. “Qol orucu” nə ilə bağlı idi?

– Bəli, neçə oyun idi ki, komandamız qol vura bilmirdi. Bunun bir çox səbəbi ola bilər. Deyərdim ki, fərqlənmədiyimiz görüşlərdə bir çox qol vura bilərdik. Bəxt amili də lazımdır.

– Andrey Sinenka “Turan Tovuz”la matçın gedişində zədələndiyi üçün onu əvəzlədiniz. Uzun fasilədən sonra meydana çıxmaq necə hissdir? Sinenka ilə rəqabət aparmaq sizin üçün çox çətindir?

– Meydanda olmaq, təbii ki, gözəl hissdir. Andreylə yaxşı münasibətimiz var. Rəqabətə qalanda isə mən şansımı gözləyirəm. Rəqabət aparmaq mənim üçün çətin deyil.

– Növbəti oyununuz səfərdə “Qəbələ”yə qarşı olacaq. Qolsuzluq seriyasına son qoya bilsəniz də, qələbəsizlik seriyası davam etməkdədir. Qəbələ səfərində bu tilsimi də qıra biləcəksiniz?

– Rəqibimiz çox sürətli oyunçulara malikdir – xüsusən də hücum xəttində. Onlara qarşı oyunumuz çətin keçəcək. Amma biz bütün matçlarda meydana qələbə qazanmaq üçün çıxırıq. İnşallah, qalib gələrik.

– Hazırda 9-cu pillədə olan “İmişli”nin cari mövsümdəki ümumi çıxışını necə qiymətləndirirsiniz? Daha yuxarı pillələrdə qərarlaşmağınız mümkün idi?

– Əslində, daha yuxarılarda ola bilərdik. Komandanın potensialını bildiyim üçün belə deyirəm. Ancaq Premyer Liqaya yeni yüksələn komanda üçün hazırkı yeri də qənaətbəxş saymaq olar.

– “İmişli” ilə müqavilənizin müddəti cari mövsümün sonuna qədərdir. Rəhbərlik sizə yeni sözləşmə təklif edibmi? Növbəti sezonla bağlı planınız necədir?

– Növbəti sezon haqda indidən danışmaq tez olar, çünki hələ heç nə bilinmir. Zamanla nəyin necə olacağını biləcəyik.

ABBAS

Shares: