“Üzməyi Öyrənək” layihəsində çalışacaq məşqçilər üçün Mingəçevirdə keçirilmiş seminar yekunlaşıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi, isveçrəli mütəxəssis Luka Qabrilonun apardığı 3 günlük təlim proqramını uğurla başa vurmuş ölkənin müxtəlif bölgələrindən olan 58 məşqçi “Üzməyi Öyrənək” layihəsi çərçivəsində eyni metodologiya əsasında uşaqlara üzgüçülük dərsləri keçəcək.
Bu cür seminarların təşkili ölkə üzrə vahid üzgüçülük tədrisi modelinin formalaşdırılmasına və mütəxəssislər arasında ortaq metodiki yanaşmanın tətbiqinə xidmət edir.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkil etdiyi “Üzməyi Öyrənək” layihəsi məktəblilərdə suya uyğunlaşmanı, həmçinin ilkin təhlükəsizlik vərdişlərinin, əsas üzmə bacarıqlarının və özünəinamın formalaşdırılmasını hədəfləyir. Digər məqsəd üzgüçülüyü həyati əhəmiyyətli bacarıq və suda təhlükəsizliyin əsas elementi kimi təşviq etməkdir. Eyni zamanda, perspektivli idmançıların kəşf edilməsi də layihənin prioritetlərindəndir.






