“Karvan-Yevlax”ın qələbəsi böyük ölçüdə heç nəyi dəyişmədi. Bu, sadəcə, autsayderin son çırpınışları idi. Nefti qurtaran lampa sönmək ərəfəsində son dəfə necə gur işıq saçırsa, Füzuli Məmmədovun yetirmələri də onu etdi.
Real danışaq, 27 tura 11 xal toplayan komanda 6 oyuna 8-10 xallıq fərqi qapayacaq gücdə deyil. Ümid etmək olar, gerçəyə çevirmək dünyanın 8-ci möcüzəsi olardı. Sadəcə, dünən komandanın oyunu alındı, Rauf Rüstəmli het-tirk edəcək qədər fantastik oynadı, bəlkə də karyerasının ən yaxşı matçını keçirdi. Üstəlik, gəncəlilər heyətdəki itkilərin yerini doldura bilmədi və uduzdu. Hesab böyük oldu – “Kəpəz”i qınamaq üçün əsas məqam budur. Qərblilər ya meydana arxayın çıxmışdı, rəqibi ciddiyə almamışdı, ya da yevlaxlılar motivasiya partlaması ilə mümkün olanın ən yaxşısını etdi.
İddialı rəqiblərlə ardıcıl 4 məğlubiyyətsiz oyundan sonra 2 autsayderə uduzmaq “Kəpəz”in əhval-ruhiyyə komandası olduğunu göstərir. Gəncə klubu sabitliyə nail ola bilmədiyi üçün hazırda olduğu yerdədir. Mövsümöncəsi heyətin düzgün komplektləşdirilməməsi, həmin problemlər üzündən qışda da komandanın kifayət qədər gücləndirilməməsi indiki nəticələrin əsas səbəbidir.
“Karvan-Yevlax”a gəlincə, komanda bəlkə də mövsümün günahlarını bu darmadağınla yudu. Yerli azarkeşlərin üzünü güldürən autsayderin davamlı qələbələrə ümid etməsi yaxşıdır. Lakin yəqin ki, klub rəhbərliyi də vəziyyəti dəyişmək üçün çox gec olduğunu anlayır. “Qarabağ”a 0:7 hesablı məğlubiyyətdən sonra dünənki darmadağın sadəcə prestij matçı idi və yerli tərəfdarlarla barışmaq mümkün oldu.
25 turdan sonra qazanılan qələbə yenə “Kəpəz”lə görüşdə reallaşdı. Amma 2-ci turdakı Gəncə təmsilçisi ilə indiki arasında ciddi fərq var. O zaman miskin durumda olan qərblilər indi hətta “Qarabağ”ı iki dəfə yenə biləcək qədər böyük yol keçib. “Karvan-Yevlax”ı çox çətin təqvim gözləyir və komandanın hətta pley-offa qalmaq şansı da demək olar yoxdur.
Bütün səhvlərinə rəğmən, vida ərəfəsində “Karvan-Yevlax”a təşəkkür etmək üçün də səbəb var. Başqa komandalar maliyyəni havaya sovurduğu bir vaxta bu klubun rəhbərliyi öz stadionunu təmir etməyi lazım bildi. Ölkə futboluna Premyer Liqa matçlarını keçirmək mümkün olan bir arena bəxş etdilər və ondan “Kəpəz” də faydalandı. Kaş elitanı Mərdəkan klubuna çevrilən “Araz-Naxçıvan”, Qubada məskən salan “İmişli” tərk edərdi, öz stadionu olan “Karvan-Yevlax” yox…
VÜSAL MAHMUDOV






