“Yaxşı oyun keçirdik. Xüsusilə ilk hissədə üstün tərəf biz idik, çoxsaylı hücumlar qurduq. Təəssüf ki, yaratdığımız epizodları qola çevirə bilmədik — bəzi məqamlarda son zərbə çatmadı, bəzi hallarda isə soyuqqanlılıq əskik oldu. Bununla belə, vacib qələbə qazandıq. Həmin fürsətləri daha yaxşı dəyərləndirmək üçün üzərimizdə işləməliyik”.

Bu fikirləri futbolinfo.az saytına açıqlamasında “Neftçi”nin futbolçusu Emin Mahmudov evdə “Araz-Naxçıvan” üzərində 2:1 hesablı qələbəni şərh edərkən səsləndirib.

Komandanın kapitanı həmçinin hazırkı fiziki durumu və qarşıdakı “Zirə” ilə oyun barədə də danışıb:

“Zədədən yeni qayıtmışam. Yüngül əməliyyat olundum və cəmi bir neçə gün məşq edə bildim. Açığı, bir qədər çətin idi — həm məşqlərin ritminə düşmək, həm də əməliyyatdan sonra ağrılar təsir edirdi. Amma indi özümü daha yaxşı hiss edirəm. Qarşıda “Zirə” ilə oyunumuz var. Rəqib çempionatın ən intizamlı komandalarından biridir və bizi çox çətin qarşılaşma gözləyir. Çalışacağıq ki, öz oyunumuzu nümayiş etdirərək yaxşı nəticə əldə edək”.

Mahmudov komandanın ümumi çıxışı ilə bağlı da fikirlərini bölüşüb:

“Komanda olaraq əsas məqsədimiz baş məşqçinin tapşırıqlarını meydanda düzgün yerinə yetirməkdir. Artıq bu istiqamətdə irəliləyiş hiss olunur. Dayanmadan çalışmalıyıq ki, nəticələrimizi daha da yaxşılaşdıraq. Hədəfimiz hər oyunda qələbə qazanmaqdır. Çempionatda zəif rəqib yoxdur — hər komanda bir-birinə qarşı ciddi müqavimət göstərir. Ona görə də turnir cədvəlində kimin harada olmasının fərqi yoxdur, hər oyuna maksimum ciddi yanaşmaq lazımdır”.

Sonda isə o, komandada fərqlənən gənc futbolçular barədə danışıb:

“Hazırda Emil Səfərov çox yaxşı formadadır və stabil çıxış edir. Komandanın önəmli oyunçularından birinə çevrilib. Bu tempdə davam etsə, onu parlaq gələcək gözləyir”.

GÜNAY SÜLEYMANOVA

Shares: