“Zirə”nin hücumçusu Leroy Mikels Misli Premyer Liqasının 27-ci turunda “Sabah”la 2:2 hesablı heç-heçədən sonra futbolinfo.az saytının suallarını cavablandırıb.

– Bir xala layiq olduğunuzu düşünürsən?

– Çox ağır oyun oldu. Hazırkı “Sabah”ın gücü hər kəsə bəllidir. Biz müdafiə planında doğru oynayıb yaxşı iş gördük. Etmək istədiklərimiz meydanda alındı. Fikrimcə, layiqli bir xal əldə etdik.

– İlk hissədə hesabı öz xeyrinizə çevirdiniz, amma qoruya bilmədiniz. Qələbə qazanmaq mümkün görünürdü?

– Əlbəttə ki, hər zaman qələbə mümkündür. Amma bugünkü oyunun mənzərəsini nəzərə alsaq, ən yaxşı hesab elə heç-heçədir. Hər iki komanda xala layiq idi və bunu əldə etdi.

– Bu bir xalı avrokubok yolunda vacib sayırsan?

– Düşünürəm ki, çox dəyərli bir xaldır. Unutmayaq ki, biz bu xalı Misli Premyer Liqasının lideri il oyunda əldə etmişik. Çempionatın həlledici mərhələsindəyik. İndi hər qazanılan xal avrokubok yolunda vacibdir.

– Qarşıda “Neftçi” ilə matç var. Aranızda da 1 xal fərq qalıb. Bu görüşü mövsümün ən vacib oyunu saymaq olar?

– Deməzdim ki, ən vacib oyundur, amma bizim üçün vacib matçlardan biridir. “Neftçi”dən sonra “Turan Tovuz”la da oynayacağıq. Ardıcıl vacib matçlarımız  var. Kubokda da “Turan Tovuz”a qarşı çıxış edəcəyik.

– “FİFA Series-2026” çərçivəsində Ruanda millisinə dəvət aldın. Milli komandada olmaq necə hiss idi?

– Həqiqətən maraqlı və yaxşı təcrübə oldu. Afrikaya gedəndə ora yaranan sevgi, insanların səni isti qarşılaması və sənin də bunun qarşılığını qollarla verməyin gözəl hissdir. Əlbəttə ki, mənim üçün xüsusi anlarla yadda qaldı.

– Millidə ilk qolunu Qrenadaya vurdun və mükəmməl qol alındı. Özün həmin anı necə təsvir edərsən?

– Qollar vurduğuma görə özümü yaxşı hiss edirəm. Təbii ki, vurduğum qollar məni sevindirir. Çox zövqlü anlar idi.

– Milliyə tək getməmişdin. Qardaşın Coy-Lens Mikels və “Zirə”dən komanda yoldaşın Anje Mutsinzi də səninlə birlikdə idi. Onlarla yığmada oynamaq necə alındı?

– Biz kuboku qazandıq və bu uğurda hər kəsin rolu var. Mənim üçün yığmadada Cimmi ilə (Anje Mutsinzinin ləqəbidir) oynamaq rahatdır. Çünki klubda da birlikdə çıxış edirik. Amma qardaşımla rəqibik və daim bir-birimizə qarşı oynayırıq.

ABBAS

Shares: