Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə “Roundglass Living” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Futbolinfo.az xəbər verir ki, razılaşma AFFA-nın baş katibi Cahangir Fərəcullayev və “Roundglass Living”in təsisçisi Sunny Singh (Sanni Sinq) tərəfindən rəsmiləşdirilib.

3 il müddətinə nəzərdə tutulan razılaşmanın əsas məqsədi ölkənin futbol ictimaiyyətində mental sağlamlığın və ümumi rifahın gücləndirilməsidir. Əməkdaşlıq çərçivəsində AFFA-nın və klubların əməkdaşları, hakimlər, məşqçilər, oyunçular və idman jurnalistləri “Roundglass Living” tətbiqinə çıxış əldə edəcəklər.

Platforma istifadəçilərə psixoloji sağlamlıq, zehinlilik, fiziki hazırlıq və emosional dayanıqlığı dəstəkləyən alətlər və məzmun təqdim edir. Şirkətin qurucusu Sunny Singh əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib ki, “Roundglass Living”ın yalnız oyunçular üçün deyil, Azərbaycanda futbol sektorunda fəaliyyət göstərən hər kəs üçün dəstək rolunu oynayır.

Tətbiq çərçivəsində istifadəçilərə nəfəs texnikaları, meditasiya proqramları, yoqa sessiyaları, sağlam qidalanma və sağlam yuxu ilə bağlı tövsiyələr, həmçinin musiqi əsaslı rahatlama məzmunları təqdim olunur. Hazırda kommersiya əsaslı bir xidmət olan bu platformadan istifadə AFFA-nın dəstəyi ilə yerli futbol ictimaiyyəti üçün tamamilə ödənişsiz təmin olunacaq. Hazırda tətbiqdəki məzmunlar ingilis dilində təqdim edilsə də, yaxın gələcəkdə istifadəçilərin rahatlığı üçün platformanın digər dillərə də tərcümə olunması planlaşdırılır.

Qeyd edək ki, “Roundglass Living” hazırda ABŞ Gənclər Futbol Assosiasiyası (USYS), Yunanıstan Futbol Federasiyası (HFF) və 500-dən çox digər təşkilatla əməkdaşlıq edir, futbol dünyasında rifah təşəbbüslərini dəstəkləyir.

Yuxarıda qeyd olunan tərəfdaş qrupların platformada qeydiyyatı və sistemə inteqrasiyası AFFA tərəfindən mərkəzləşdirilmiş qaydada təmin ediləcəkdir.
Media nümayəndələri qeydiyyat üçün ses@affa.az ünvanı ilə əlaqə saxlaya bilərlər.

Shares: