Hamısı narazıdır. Hərəsinin öz bəhanəsi var, lakin heç biri günahı özündə görmür. Havadan-sudan bəhanə gətirir, diqqəti ancaq kənar məsələlərə yönəldirlər. Azərbaycana niyə gətirildiklərini xatırladaraq yazaq ki, onlara böyük pullar ölkə futboluna fayda vermələri, yeni nələrsə ortaya qoymaları, komandalarını daha üst səviyyəyə qaldırmaları üçün ödənilir.
Dünən Misli Premyer Liqasının 29-cu turuna 2 oyunla start verildi. 4 əcnəbi məşqçi 2 cütdə üz-üzə gəldi, günün yeganə qələbəsini qazanan da, büdrəyənlər də şikayət etdi. Halbuki ilk növbədə onların özündən şikayət edilməlidir – çünki ikisi elitada qalmaq uğrunda mübarizə aparır, digər ikisi isə avrokubok qatarından uzaq düşüb.
“Sumqayıt”ın baş məşqçisi Saşa İliç kubokla birlikdə ardıcıl 11 uğursuz oyundan sonra gələn 2 qələbə lə qanadlanıb. Serb çalışdırcı komandasına qarşı tənqidlərin davam edəcəyi təqdirdə növbət mətbuat konfransalarına qatılmayacağı ilə hədələyib. Bəri başdan deyək ki, buna hünəri çatmaz. O, hər oyundan sonra jurnalistlər qarşısına çıxmağa borcludur, bunu etməsə, İntizam Komitəsi tərəfindən cəzalanacaq. “Kimyaçılar”ın menecer-prezidenti Riad Rəfiyev isə kiminsə ərköyünlüyünə görə cərimə ödəyəsi adam deyil, həmin məbləği İliçin maaşından tutar.
O ki qaldı tənqidlərə, “çatdırarsız” deyə sifariş verdiyi yazını biz yazmışıq, klubun mətbuat xidməti bir dəfə işə yarasın, xəbərimizn doğru olmadığını təkzib və sübut etsin. Həm də anında, üstündən bir ay keçdikdən sonra yox…
İliçin iki sözü də bir-birini tutmur. O, həm avrokubok üçün mübarizə apardıqlarını deyir, həm də strategiyanı dəyişib gənclərə şans vermələrindən danışır. Çempionatda ardıcıl 9 qələbədən sonra gəncləri yada salmaq bəhanə axtarmaqdır. Komandanın hələ də riyazi şansları bitməyib, qitə yarışları üçün sonadək döyüşmək olar. Yerli gənclərə gəlincə, dünən komandanın start heyətində cəmi 2 belə oyunçu olub, 9 əcnəbi matç ərzində forma geyib. Yalan fışqırmaqdansa, formal xarakter alan matçlarda 5-6 klub yetirməsini oynatmaq daha yaxşı olardı. İliç Səbuhi Abdullazadəni hər dəfə tənqid etməkdənsə, bu yarımmüdafiəçinin onun gəlişindən sonra niyə bu qədər geriləməsi barədə düşünsün.
Sumqayıtlıların məğlub etdiyi “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya bəlkə də həmkarı ilə müqayisədə daha yaxşı işlər görüb. Necə də olmasa, onun komandası debütantdır, üstəlik, dünən matç ərzində 7 yerli futbolçuya şans verdi. Amma heç onun da böyük danışmağa haqqı yoxdur. “İmişli” mövsüm ərzində öz meydanında bircə qələbə qazanmayıbsa, deməli, məşqçi uğursuzdur. Hakimliklə bağlı qeydlər isə ümumi axına qoşulmaq cəhdidir. Kaşkilya nədənsə hakimləri yalnız komandası uduzanda yada salır.
Öz meydanında növbəti dəfə qələbə qazanmağı bacarmayan “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze də eyni cür davranır. Ancaq şikayət, bəhanə… Komandanın yaxşı futbol oynadığını, xal itkisinə layiq olmadığını təkrarlayır. Rəhbərlik qış fasiləsində “Qarabağ”dan, “Neftçi”dən, “Sabah”dan çox transfer edib, hamısına gürcü çalışdırıcı razılıq verib. Buna baxmayaraq, Sxadadze hələ də heyət yetərsizliyindən, ustalıq səviyyəsindən, psixoloji təzyiqdən danışır. Problemləri həll edə bilməyən legioner məşqçi kimə lazımdır? Komanda hələ də son pilləyə enmək təhlükəsindən qurtulmayıbsa, daha az büdcəli komandalardan geridirsə, Kaxa bəlkə bacarıqsızlığını etiraf etsin?
Qəbələdə 1:1 hesablı heç-heçə edən “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko təhvil alarkən 4-cü pillədə olan komandanı avrokubok zonasından kənara “itələyib”. Və indi heyəti özünün formalaşdırmadığını deyb sələfi Elmar Baxşıyevi nişan verir.
Əvvəla, Baxşıyevin vaxtında komanda daha üst pillələrdə idi, avrokubok mübarizəsindən qopmamışdı. Bundan başqa, transferləri ukraynalı məşqçini də gətirən Ceyhun Sultanov seçib. Elmar bəy postunda olarkən, hələ noyabrda Bakıya gəlib məşqçisi olan komandaya göz qoyanda Demçenko bu futbolçularla işləyəcəyini bilməli idi. Müqavilənin şirinliyinə aldanıb şəraiti, heyəti yaddan çıxarmaq lazım deyildi – tələblər yerinə yetirilmirsə, anlaşmaya imza atmamalı idi. İndi onun dedikləri bəhanədən başqa bir şey deyil.
Turun ilk gününün yekunu bundan ibarətdir. Ümidi doğrultmayan əcnəbilərin bəhanə toplusu göz oxşayır. Görək davamında nələr olacaq?
FƏRİD






