Saşa İliç sözünün üstündə durdu. Daha onu jurnalistlər önünə çıxan görməyəcəyik.

“Sumqayıt”ın baş məşqçisi 29-cu tur matçından sonra komandası haqda tənqidlər yazılacağı halda mətbuat konfranslarına qatılmayacağını bildirmişdi. Serb mütəxəssis postunda qalacağı halda bunu edə bilməyəcəkdi – çünki jurnalistlər önünə çıxmaqla bağlı məcburiyyət var.

Lakin İliç bunun da “yolunu tapdı”. Dünən “Kəpəz”lə oyun bitincə hakimlərə qarşı davranışı onun qırmızı vərəqə alması ilə nəticələndi. Belədə onu mətbuat konfransında köməkçisi əvəz etdi. Saşanın ilk dəfə cəzalanmadığını və etiraz edərkən həddini aşdığını nəzərə alsaq, 3 oyunluq cəzalanması realdır. Bu isə o deməkdir ki, serb mövsümün sonunadək konfranslardan kənarda qalacaq. Onun yayda qovulacağını nəzərə alsaq, bir də mikrofon qarşısına çıxmayacağını demək olar.

Beləliklə, İliçə erkən vida etməli olacağıq. Cəzası 3 oyundan az olsa, yəqin ki, son mətbuat konfransına qatılmayaraq kluba cərimə ödətdirmək variantını reallaşdıracaq. Bəlkə də ona kimi istefa verdi…

Shares: